YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi nailiyyətlərə imza atdıq

“Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi və iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun əhəmiyyətli dərəcədə artması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Dinamik tərəqqi yolunda əmin addımlarla irəliləyən Azərbaycanda bütün sahələrdə əldə edilən inkişaf ordu quruculuğu istiqamətində də özünü göstərir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Həmin vaxt hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu. Yalnız dövlət müstəqilliyimizin bərpasından, daha dəqiq desək, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan Respublikasının nizami ordusu yaradıldı. Ümummilli Liderimizin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirib, Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bu gün isə Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, postmüharibə dövründə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir.  Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır. İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub. Hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasimində çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var: “Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür”.

“Ümumiyyətlə, 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra da ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Xüsusilə, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılır, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur. Bütövlükdə, orduda islahatlar kompleks xarakter daşıyır. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Eləcə də, hərbi təhsillə bağlı müvafiq qərarlar verilib, Milli Müdafiə Universiteti yaradılıb. Bütün bunlar göstərir ki, Silahlı Qüvvələrimiz bundan sonra da qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdə davam edəcək”,-deyə Pərvin Kərimzadə vurğulayıb.