YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lider qətiyyətinin təntənəsi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.  Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək Ümummilli Liderin ən böyük arzusu idi. O, bu arzunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi. Müstəqilliyimizin bərpasının ilk illəri ilə bugünümüzü müqayisə etdikdə bu fikri böyük əminliklə qeyd edirik ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan o illərin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas oldu. Ölkəmizdə sabitlik yarandı. İqtisadi inkişaf strategiyası müəyyənləşdirildi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycana böyük uğurlar qazandırır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi nüfuz sahibi olub. Dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olan ölkə kimi tanınır. Ən əsası sözünün imzası qədər dəyəri olduğunu dünyada cərəyan edən proseslərə təsir imkanları ilə təsdiqləyir. Çünki Azərbaycanın xarici siyasəti ədalətə və beynəlxalq hüquqa, eyni zamanda, heç bir dövlətin daxili işinə müdaxilə etməməyə əsaslanır. Həmçinin öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Bu fikir ən yüksək tribunalardan bəyan edilir ki, heç bir qüvvə Azərbaycan xalqının siyasi iradəsinə təsir etmək imkanında deyil. Azərbaycan siyasətində müstəqil olduğunu hər bir addımında dünyaya nümayiş etdirir. Məhz uğurlu, düşünülmüş və məqsədyönlü siyasətin qısa zamanda öz nəticəsini verəcəyinə əminlikdən irəli gəlirdi ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan zaman Azərbaycanın bu çətinlikləri arxada qoyacağını, hər kəsin belə qüdrətli, güclü dövlətin vətəndaşı olması ilə fəxr edəcəyini bildirmişdi.

Azərbaycanın həyatında əlamətdar günlərdən biri də 24 iyun 1993-cü ildir. Bu tarixdə keçirilən parlamentin iclasında Prezident səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Ümumilikdə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin əsası oldu.  Azərbaycan çox qısa zamanda Ümummilli Liderin qarşıya qoyduğu məqsədə yüksək səviyyədə nail olaraq dünyaya Günəş kimi doğdu.

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı uğurlarından bəhs edərkən ordu quruculuğu sahəsində gördüyü işləri xüsusi qeyd edirik. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amil idi. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin yoxluğu digər sahələr kimi ordu quruculuğunda da uğursuzluqlara yol açdı. Həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə nizami ordu yaradıldı.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ümummilli Lider  hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır.  Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər.

2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə özünün aydın ifadəsini tapır. Uğurların zirvəsində dayanan tarixi Zəfərimizi keçilən yolun aydın mənzərəsi kimi təqdim edir. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində Qələbə qazanıb ərazi bütövlüyünü təmin etdi. Azərbaycanı qalib, ərazi bütövlüyünü təmin edən ölkə kimi görmək Ulu Öndərin ən böyük arzusu idi. Məhz buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”    

Dövlət başçısı İlham Əliyevin “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik” fikirləri tarixi Zəfərimizlə təsdiqləndi. Ali Baş Komandanın sərkərdəlik məharəti ilə qüdrətli 50 ordu sırasında adı çəkilən Azərbaycan Ordusu bu ada layiq olduğunu Azadlıq meydanında keçirilən Zəfər paradında təsdiqlədi. Bu möhtəşəmlik təkcə müdafiə qüdrətimizin deyil, iqtisadi inkişafımızın, ölkəmizi dünyanın ən qüdrətli ölkələri ilə eyni sıraya yüksəldən lider qətiyyətinin təntənəsi idi.

Dövlət başçısı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasimində “Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür” fikirləri ilə bu sahənin prioritetliyini təsdiqlədi. Bildirdi ki, bu gün əsas  məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir.