YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan amalı

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün əhəmiyyətli dövlətçilik təcrübəsidir. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Həmin illərdə ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamış, görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş və beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan azərbaycançılıq ideologiyası xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.  Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Dahi şəxsiyyətin bu çağırışları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Ümummilli Lider hər bir ölkənin inkişafında əhəmiyyətli rol oynayan iqtisadi tərəqqini təmin etdi. İqtisadi müstəqilliyin təmin olunması strategiyası müəyyənləşdirildi. Ulu Öndərin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyev müəllifi olduğu neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır.

İqtisadi tərəqqi bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində uğurlu addımlara geniş yol açdı. Ulu Öndər Heydər Əliyev silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Bundan ruhlanan ordumuz Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

Artıq 3 ildir digər bayramlarımız kimi, Silahlı Qüvvələr Gününü də Zəfər ruhunda qeyd edirik. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. 44 günlük İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” dövlətimizin qətiyyətinin, Ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin təqdimatı oldu. Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar. Bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü. Azərbaycan xalqı ona Qələbə sevinci yaşadan   Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və rəşadətli Ordusu ilə  qürur duyur.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində bildirdi ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk. Belə bir əminlik də ifadə edildi ki, yaxın gələcəkdə  Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq: “Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.”