YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “L’Opinione” xəbər portalı Avropa Məhkəməsinin Azərbaycanın xeyrinə elan etdiyi qərardan yazır

İtaliyanın “L’Opinione” xəbər portalında Avropa Məhkəməsində “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə elan edilmiş qərarla bağlı yazı yerləşdirilib.

Yazıda qeyd olunur ki, 2005-ci ilin aprelində Laçın rayonundan olan 6 azərbaycanlı məcburi köçkün Avropa Məhkəməsinə müraciət edərək doğma yurdlarına qayıtmaq, mülkiyyətlərindən istifadə etmək və öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər. İddiaçıların “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasında təsbit olunmuş bir sıra hüquqlarının Ermənistan tərəfindən pozulduğunu əsas gətirən məhkəmə onların xeyrinə qərar verib.

Məqalədə bildirilir ki, məhkəmə 1992-ci ilin mayında Laçın rayonuna qarşı hərbi hücum nəticəsində Azərbaycan vətəndaşlarının həmin rayonu tərk etməyə məcbur edildiyini vurğulayıb. Bəyan edilib ki, Dağlıq Qarabağ, Laçın rayonu və ətraf rayonlar hazırda işğal altındadır və həmin vəziyyətə münasibətdə Haaqa və Cenevrə konvensiyalarının müvafiq müddəaları tətbiq edilir. Eyni zamanda, Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası” üzərində həlledici və əhəmiyyətli təsirə malik olduğu vurğulanıb. Məhkəmə bildirib ki, münaqişə zamanı öz yurdlarından didərgin düşməyə məcbur qalmış Azərbaycan vətəndaşlarının hüquqlarının bərpa olunmasına görə Ermənistan məsuliyyət daşıyır.

Yazıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikirləri də yer alıb. O təəssüflə qeyd edib ki, bütün cəhdlərə baxmayaraq problemin çözümünə hələ də nail olunmayıb.

Məqalədə məsələ ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun fikirləri də yer alıb: “Bu qərar tarixi əhəmiyyətə malikdir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinin, onların hüquqlarının pozulmasının beynəlxalq birlik tərəfindən tanınması önəmlidir”.