YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövcud potensialdan səmərəli istifadə dövlətin gücüdür

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycanın müstəqilliyinin elan olunduğu ilk illərdə ölkədə hərc-mərclik hökm sürürdü. Bütün sahələrdə anarxiya idi, iqtisadiyyat çökmüşdü. Bunun da əsas səbəbi, o vaxtkı hakimiyyət səriştəsizliyindən ibarət idi. Digər səbəbi isə o idi ki, Azərbaycan sovetlər birliyinin iqtisadi sisteminə qoşulmuşdu və müstəqillik qazanılandan sonra qurulmuş əlaqələr pozuldu və iqtisadiyyat sürətlə tənəzzülə uğradı. Həm də, o zaman fəaliyyət göstərən müəssisələlərin bir çox dağıdıldı. Bu səbəbdən də, sosial-iqtisadi böhran dərinləşdi. Ermənistanın hərbi təcavüzü isə vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə anarxiyanın qarşısı alındı, ictimai-siyasi sabitliyin bərpa olunması yönündə ciddi addımlar atıldı. Məhz belə bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması üçün xarici şirkətlərlə danışıqlara başlanıldı. Bu danışıqlar uğurla yekunlaşdı və müqavilə imzalandı. Əlbəttə ki, həmin danışıqlar çox çətin şəraitdə gedirdi. Çünki Azərbaycanda sabitlik tam bərpa olunmamışdı, ölkəmiz müharibə şəraitində idi. Ona görə də, bəzi xarici dövlətlərdə bir inamsızlıq var idi. Amma ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu və ona olan inam sayəsində 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalandı. Həmin ilin dekabr ayında isə müqavilə Milli Məclis tərəfindən ratifikasiya olundu. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. Bu gün biz ulu öndər Heydər Əliyevin 100 illiyini qeyd edirik. Möhtəşəm tədbirlərlə qeyd etdiyimiz bu yubiley günlərində  keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi bir daha o günləri xatırlamağa imkan verir. 30 ilə yaxın müddətdə bu sərgi beynəlxalq investorların marağına səbəb olmuş və olmaqdadır.

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak  edərək nitq söyləmiş və sərginin əhəmiyyətini qeyd etmişdir: “Xəzər neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Biz təşkilatçılara davamlı dəstəyə görə təşəkkür edirik, eyni zamanda, onu da vurğulamaq istəyirəm və hesab edirəm ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Mənim sözümün təsdiqi o ola bilər ki, kimlər bu tədbirə öz məktublarını ünvanlayır – ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak. Bu, onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir. Bu fürsətdən istifadə edərək, mən ABŞ Prezidentinə, Böyük Britaniyanın Baş nazirinə və onların buradakı nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm ki, bizə xoş sözlər göndəriblər və onların sözləri bizi ruhlandırır.”

 “Əsrin müqaviləsi”nin ardından 1996-cı ildə artıq  “Şahdəniz” yatağı üzrə müqavilə imzalandı. 1997-ci ildə  “Çıraq” platformasından ilk neft çıxarıldı. 1998-ci ildə Bakı – Novorssiysk neft kəməri bərpa olundu və neftimiz Qara dəniz vasitəsilə ixrac edilməyə başladı. 1999-cu ildə Bakı-Supsa neft kəməri, 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu və 4 ildən sonra istismara verildi. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verildi. 2012-ci ildə TANAP üzrə layihə imzalandı və artıq bu il çox güman ki, bu layihə üzrə işlər bitəcək və xətt işə düşəcək. Həmçinin, TAP xətti və bu kəmər vasitəsilə qazın Avropa ölkələrinə çatdırılması üzrə işlər gedir. Şahdəniz-1 və Şahdəniz-2-dən çıxarılan qazın xarici bazarlara çatdırılır. Bunların hamısı, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticələri və bəhrələridir. Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütün iqtisadiyyatımız inkişaf etdi. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi. Bunun nəticəsində də, artıq 2009-2010-cu illərdə biz ÜDM-nin artım templəri üzrə MDB məkanında öndə gedən ölkə olduq. Bu illərdən başlayaraq sərmayələrin böyük axını qeyri-neft sektoruna yönəldi. Bir məqamı xüsusi vurğulayım ki, “Əsrin müqaviləsi”nin imzalanmasının ən böyük nailiyyəti bu oldu ki, biz ictimai-siyasi sabitliyə nail olduq, iqtisadi inkişaf başladı, eyni zamanda iqtisadi təhlükəsizlik yarandı ki, Azərbaycan bunun sayəsində nəinki neft sənayesində, qeyri-neft sektorunda da sərmayəçilər üçün əlverişli və cəlbedici ölkəyə çevrildi. İndi Azərbaycan  cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində etibarlı tərəfdaş kimi tanınır və ölkəmizə investisiya qoyuluşu qat-qat artıb.

Ölkəmizin başçısı bu xüsusda öz çıxışında qeyd etdi ki, “Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Mən sonuncu sərgidən bu yana bir neçə mühüm nailiyyəti qeyd edə bilərəm. İyulda biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik.”

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ATƏT PA-nın tədbirlərində də hər dəfə xüsusi olaraq vurğulanır. Bütün üzv ölkələr birmənalı qeyd edir ki, enerji və neft ehtiyatları və onları nəql edən kəmərlər qorunmalıdır. Onların qorunması dünyanın, o cümlədən Avropanın təhlükəsizliyinin və sabitliyinin qorunmasına gətirib çıxarır. Ona görə də, enerji təhlükəsizliyi ön planda olmalıdır. Azərbaycan da Avropanın enerji təhlükəsizliyini təmin edən ən önəmli ölkələrdən biridir.

Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan enerji siyasətinin inkişafı da Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanın neft yataqlarını ən böyük milli sərvətimiz adlandıran Heydər Əliyev hər zaman bu sərvətin gələcək nəsillər üçün də əhəmiyyətini vurğulayıb. 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazanmışdır. Bu gün əsası qoyulmuş həmin enerji siyasəti Prezident İlham Əliyev tərəfindən dövlət maraqlarının təmin olunması üçün hər bir sahədə məharətlə istifadə olunur.

Əsasını Prezident İlham Əliyevin qoyduğu “yaşıl enerji” siyasəti də uğurla həyata keçirilir. Bu gün Azərbaycanın malik olduğu potensial bir çox ölkələrin diqqət mərkəzində olmaqla yanaşı Azərbaycanın postneft dövründə iqtisadiyyatının davamlı inkişafını təmin edəcəkdir. Cənab Prezident bu məsələyə diqqəti yönəldərək qeyd etmişdir: “Bərpaolunan enerji haqqında danışarkən deyim ki, Azərbaycanın nəhəng potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək. 

Ümumilikdə saziş və memorandumları nəzərə alsaq, biz artıq 25 qiqavatlıq sazişlər imzalamışıq. Əlbəttə, anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq biz elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpaolunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir. Ancaq imzalanan memorandumların yarısı belə reallaşsa, bu, olduqca böyük rəqəm olacaqdır və Azərbaycanın özünün daxili istehlakından iki dəfə artıq olacaqdır. Yəni, dediyim kimi, biz bu gün enerji istehsalı üçün istifadə etdiyimiz böyük qaz həcminə qənaət edəcəyik və onu da beynəlxalq bazara çıxaracağıq.”

Göründüyü kimi, mövcud potensialı səmərəli, dövlətin və xalqın rifahı üçün istifadə etmək kimi strategiyanı məharətlə həyata keçirən ölkə rəhbəri hər bir məsələni vaxtında, səriştəli və yüksək etimad mühitində həyata keçirir. Bu da Azərbaycanın işıqlı sabahı, xalqın rifahı, dövlətin gücüdür.