YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxtərəfli əməkdaşlığa açılan yollar

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Enerji layihələrinin coğrafiyasının genişlənməsi, çoxtərəfli əməkdaşlığa açılan yollar Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə töhfələrini daha da artırır. Ümummilli Lider Heydər Əliyevin dünya təcrübəsinə istinadən söylədiyi “Heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” fikirlərin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əməkdaşlıq əlaqələrinin genişlənməsi ümumi məqsədə lazımi səviyyədə çatmaq üçün əsasdır. Prezident İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında “Əsrin müqaviləsi”nin ölkəmizin qarşısında açdığı imkanlardan, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan geniş bəhs edərək “Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir” söylədi.  Onu da əlavə etdi ki, bu işə çox sadiq olan bir heyətimiz var. Beynəlxalq maliyyə institutları, hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq. Dövlət başçısı fəxrlə bildirdi ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu, çox vacib bir məsələdir.

“Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir” bildirən cənab İlham Əliyev ötən sərgidən bu sərgiyə qədər Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan sənədlərin imzalanmasından danışdı. Ötən ilin iyul ayında Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladı. Planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Azərbaycanın Avropa İttifaqı, o cümlədən quruma üzv dövlətlərlə əməkdaşlığı yüksək səviyyədədir. Qurumun 9 üzvü ilə Streteji tərəfdaşlıq haqqında Anlaşma memorandumu imzalayıb. Bu, mühüm məqam ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında roluna işıq salır.

Azərbaycan daim yeni layihələrin gündəmə gətirilərək uğurlu icrasında, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlıdır. Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev 28-ci Xəzər Neft və Qaz Sərgisindəki çıxışında qarşıda dayanan hədəflərə də diqqəti yönəltdi. Belə ki, Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TANAP və TAP-ın genişləndirilməsi əsas hədəflər sırasındadır. Ölkə Prezidenti onu da bildirdi ki, bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki burada böyük sərmayə qoymalıyıq: “Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcəkdir.”

Qısa təhlil fonunda bir daha bu reallığı təsdiqləyə bilərik ki, neft-qaz layihələrimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu   neft strategiyasının uğurlarını yaşayaraq iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.