YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Prezident İlham Əliyevin mayın 21-də Litvaya reallaşdırdığı rəsmi səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna bir daha işıq saldı.  Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirildi, ölkələrimiz arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalandı. Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə ölkələrimiz arasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” imzalanmışdır.

İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər arasında 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.

Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır. “Biz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanlar axtarmalıyıq” söyləyən Litva Prezidenti Gitanas Nauseda bildirmişdir ki, Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndiririk. Bu əməkdaşlıq Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərmiş, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etmişdir. Litva Prezidenti onu da əlavə etmişdir ki, ölkəsi 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Azərbaycan Litvanın Avropa İttifaqının Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır.

Bu mühüm məqamı xüsusi qeyd etmək lazımdır ki, qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər nünasibətlərin gələcək inkişafı üçün stimuldur. 2008-ci il aprelində Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən, ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis olunub. Komissiyanın həmsədrləri iki ölkənin xarici işlər nazirləridir. Komissiyanın 7-ci iclası bu ay - mayın 8-də Vilnüsdə keçirildi.

Azərbaycan ilə Litva arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir, yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər münasibətlərin inkişafına töhfə verir. Prezident İlham Əliyevin Litvaya sayca dördüncü səfərinin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verdi. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.