YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmzalanan sənədlər münasibətlərin aydın mənzərəsini təqdim edir

Elmar Əhmədov

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin bu günlərdə Litvaya rəsmi səfəri Azərbaycan-Litva münasibətlərinin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Keçirilən görüşlərdə aparılan müzakirələrdən, biznes forumdakı çıxışlardan, Prezidentlərin mətbuata birgə bəyanatlarında səsləndirilən fikirlərdən bir daha aydın oldu ki, iki ölkənin iqtisadi əlaqələrinin zəngin tarixi var. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 2007-ci ildə dövlətlərimiz arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Hazırda Azərbaycan ilə Litva arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq üzrə 41 sənəd mövcuddur.

2022-ci ildə Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 33 milyon dollar olub.  İki ölkənin təhsil sahəsində də əlaqələri genişlənir. Azərbaycan və Litva şəhərləri qardaşlaşıb. Bu xüsusda Şəmkir-Şyaulyay, Qazax-Trakay, Ağstafa-Birştonas və Səbail-Druskininkay qardaş şəhər və rayonlardır.

Dövlət başçısı İlham Əliyevin Litvaya, Litva Prezidentinin ölkəmizə səfərlərinin xronologiyasına diqqət yetirsək, hər bir səfərin münasibətlərin inkişafında əhəmiyyətli rol oynayan sənədlərin imzalanması ilə yadda qaldığını görərik.  Prezident İlham Əliyevin mayın 21-22 tarixlərində reallaşdırdığı rəsmi səfər əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcək. Səfər çərçivəsində Azərbaycan-Litva biznes forumunun keçirilməsi ölkələrin iqtisadi imkanlarının təqdimatında mühüm rol oynadı. Hazırkı dövrün əsas çağırışlarından biri tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin tezliklə başa çatdırılması, bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə etməklə ölkəmzin gələcəkdə dayanıqlı inkişafına böyük töhfələr verməkdir. Keçirilən biznes forumlarda ölkəmizin işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlara da diqqət yönəldilir. Ümumilikdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişafı üçün geniş imkanlar mövcuddur.

Azərbaycanla Litva Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Bu gün ölkəmizin Avropanın enerji təminatındakı əhəmiyyətli rolu artmaqdadır. Bu baxımdan Litva Azərbaycanın enerji resurslarının nəqli şəbəkəsinin daha da şaxələndirilməsində və inkişafında körpü rolunu oynayacaq. Litvanın ölkəmizə göstərdiyi marağın ana xəttini Azərbaycanın son illərdə qazandığı böyük uğurlar təşkil edir. “Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıyıq. Biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir. Biz bu qədər məsələləri müzakirə edə bilərik. Keçmişdə Litva özünü yeni şəraitə asanlıqla adaptasiya olmaq və ondan öz xeyrinə istifadə etmək bacarığını sübuta yetirib. Biz güclü sənaye ənənəsinə və intellektual işçi qüvvəsinə arxalanırıq” söyləyən Litva Prezidenti Gitanas Nauseda bildirmişdir ki, rəqəmsal infrastrukturumuz sürətli və əlçatandır, bütün Avropa İttifaqında ən yaxşılarından biridir.

Litva Prezidentinin ölkəsinin inkişaf göstəriciləri ilə bağlı təqdim etdiyi məlumatlar Vilnüsdə keçirilən biznes forumun işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət və uğurlu təməl olduğunu söyləməyə əsas verir. Belə bir əminlik də ifadə edildi ki, bu biznes forumu düzgün istiqamətdə atılmış əlavə addım olacaq.