YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə Əliyeva əhatəli elmi fəaliyyəti ilə tibb sahəsinin inkişafına mühüm töhfə verib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Bakı Sağlamlıq Mərkəzində baş tutan tədbirdə ulu öndər Heydər Əliyevin, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov bildirib ki, akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı olaraq mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Asiman Həsənov qeyd edib ki, Zərifə Əliyeva tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotiklərdən-sintomitsindən istifadə olunmasına həsr edib. 1968-ci ildən başlayaraq, Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. Zərifə xanım Əliyeva bir sıra orden və medallara, mükafatlara layiq görülüb, Elmlər Akademiyasının akademiki seçilib, “Əməkdar elm xadimi” fəxri adını alıb. O, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə böyük şöhrət qazanıbdır.

Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, t.e.d., professor Paşa Qəlbinur akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs edib. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.

Tədbirdə çıxış edən həkim-oftalmoloq İradə Fərzəliyeva Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğulayıb. Bildirib ki, akademikin çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.

Sonda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv