YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zirvələrə yüksələn Zərif insan ömrü

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Zirvələrə yüksələn Zərif insan ömrü” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Milli Məclisin deputatları- Səbinə Xasayeva, Emin Hacıyev, Ülvi Quliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon, Yasamal Rayon İcra Hakimiyyəti və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının məsul əməkdaşları, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri iştirak edib.

İlk öncə tədbir iştirakçıları tərəfindən Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub. Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əkil və gül dəstələri qoyulub, əziz xatirələri dərin ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsindən öncə YAP Yasamal rayon təşkilatında rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad olunub.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, hər bir millət üçün fəxr olunan haldır ki, mənsub olduğu millətin tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim akademik Zərifə xanım Əliyevadır. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova qeyd edib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov qeyd edib ki, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır.

Tibb elmləri üzrə fəlsəfə doktoru, oftalmoloq Qurban İsmayılov qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevməsi, peşəsinin, sənətinin vurğunu idi. Görkəmli oftolmolog-alim, akademik Zərifə xanım Əliyeva nəsillərə örnək olacaq nümunəvi fəaliyyəti dövründə təkcə çalışdığı elm və tədris ocaqlarında, tibb müəssisələrində deyil, bütövlükdə çiyin-çiyinə yaşadığı ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyev, sədaqətli övladları ilə birlikdə ölkənin ictimai həyatında yaxından iştirak etmişdir.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri Leyla Babayeva bildirib ki, elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınan, elmə gətirdiyi yenilik və çəkdiyi zəhməti ilə Azərbaycan qadını olaraq xeyirxahlıq, ziyalılıq, analıq simvoluna çevrilən görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanın həyat yolu və fəaliyyəti olduqca şaxəlidir.

Milli Məclisin deputatı Emin Hacıyev bildirib ki, görkəmli oftolmolog-alim, akademik Zərifə xanım Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.