YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən güclü vasitə

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dili statusunu qazanması, gündəlik həyatda, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi Ulu Öndər Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsi olmuşdur. Məhz ana dili məsələsində Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdir. O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermis üç keçmiş sovet respublikasından biri Azərbaycan idi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin və siyasi qətiyyətinin parlaq ifadəsi idi. Dahi şəxsiyyət Heydər Əliyev o dövrü belə xatırlayırdı: “Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur… Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar aparırdım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq.”

Bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Ulu Öndər, həmçinin, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixində Fərman imzalamışdı. Bu sənədə   əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bərabər, dil millətin simasını səciyyələndirən amillərdən biridir. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü, inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür.

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ümummilli Lider Heydər Əliyev onu da əlavə etmişdir ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Dahi şəxsiyyətin Azərbaycan gənclərinin qarşısında qoyduğu əsas vəzifələrdən biri dilimizi öyrənmək, onu yad təsirlərdən qorumaq idi. Digər dillərin də öyrənilməsi vacib amil kimi önə çəkilirdi. Amma ana dilini öyrənmək əsas çağırış idi. Ulu Öndər bildirmişdir ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməli, azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir.

Son 20 ilə yaxın dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı, gənclərimizin azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir.