YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı və dinamik inkişaf

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ölkəmiz bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı və əsas söz sahibidir.  Müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər bu gün Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.

Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından misilsiz işlər görüb. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Ulu öndər Heydər Əliyev fəaliyyətinin ilk dövrlərində Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənir, respublikamız bu dövrlərdə pambıq yığımında, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Ulu öndər Heydər Əliyev kimi xalqını və vətənini düşünən bir insana yaxşı məlum idi ki, iqtisadi potensialın güclü olması həm ölkənin xeyrinədir, həm də əhalinin yaşam səviyyəsinin yüksəlməsinə xidmət edir.

Müstəqilliyin ilk illərində respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılmış, xalqın rifah halı pis vəziyyətə düşmüşdü. Azərbaycanın siyasi arenada rastlaşdığı problemlər, başlanan müharibə və ölkə daxilini bürüyən xaos, hakimiyyət uğrunda siyasi qarşıdurmalar iqtisadiyyatın inkişafının sürətlənməsinə mane olan əsas səbəblər idi. Ölkənin təbii sərvətlərinin kortəbii mənimsənilməsi və daxildə hakimiyyət uğrunda aparılan mübarizə, erməni separatçı qüvvələri ilə gedən amansız müharibə ölkənin iqtisadiyyatını zəiflədirdi. Xalqın təklidli tələbi ilə Bakıya qayıdan və ölkə Prezidenti seçilən ulu öndər Heydər Əliyev o zaman qeyd edirdi ki, respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik.

Ulu öndər 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki nitqində belə demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, çox sıx əlaqədə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

Azərbaycanda özəl sektorun  fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etmək əsas hədəflər olaraq müəyyənləşdirilmişdi. Ulu öndər Heydər Əliyev ölkəmizdə hər bir sahədə olduğu kimi iqtisidadi sahədə də düşünülmüş uğurlu siyasət yürüdərək qısa zaman ərzində bazar iqtisadiyyatına keçidi təmin etdi. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. 

Ulu öndər Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. 

“Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Ulu öndər neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanmış, bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq Ulu öndərimizin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrildi,       2003-cü ildə kəmərin tikintisinə başlanıldı. Böyük çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin seçdiyi yol uğurlu oldu və Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi. Dahi şəxsiyyət həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının ulu öndər Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlanan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir. Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi.

Ulu öndər neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması kimi xidmətləri ilə də yadda qalıb.  1999-cu il dekabrın 29-da  “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında”  Fərman imzaladı. Ulu öndər Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirildi.

Uğurlu iqtisadi siyasətin məntiqli davamı kimi, resursların daha da səmərəli paylanmasını təmin etmək üçün səmərəli büdcə sistemi və dövlət xərclərinin idraetmə sistemi tələb olunurdu ki, bu sahədə də ümummilli lider Heydər Əliyev tərəfindən xeyli işlər görülmüşdür. Belə ki,  ölkədə büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli - bələdiyyə büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərinin müəyyənlşdirilməsi məqsədilə 2002-ci ildə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının yeni Qanunu qəbul olunmuşdur.

Bu günkü güclü Azərbaycan dövlətinin təməlində ulu öndər Heydər Əliyevin hər bir sahədə olduğu kimi iqtisadi sahədə də həyata keçirdiyi düşünülmüş uğurlu siyasəti dayanır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun həyata keçirilməsi isə Azərbaycanın gələcək tərəqqisinə hesablanıb.