YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilimiz milli kimliyimizdir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Milli dəyərlər isə xalqları, millətləri, toplumları digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar. Ona görə də doğma ana dilimizin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub. Milli-mənəvi dəyərlərdən danışarkən xüsusi ilə qeyd olunmalıdır  ki, bizim əvəzsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz sürətdə bağlıdır. Ümummilli Lider çıxışlarında hər zaman vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır.

Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin iradəsi sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dövlət dili statusu aldı. Həminki dövr üçün Azərbaycan SSR yerli dilin rəsmi statusa malik olduğu azsaylı respublikalardan biri idi. Bu uğura isə Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində nail olunmuşdu. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Liderin respublikamıza rəhbərliyinin hər iki dövrü, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi son 23 illik fəaliyyəti ana dilimizə müstəsna sayğının və onun dövlət dili statusunun yüksək səviyyədə təmin edilməsinin örnəkləri ilə zəngindir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları bu sahədə görülən işlərə bir necə nümunədir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Gənclərinin Birinci Forumundakı çıxışı zamanı ana dilimizlə bağlı dedikləri bu gün də xüsusən gənc nəsil üçün prioritet istiqamət olmalıdır.

“Bilirsiniz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini – rus dilini də, ingilis dilini də, fransız dilini, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu, lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan çoxlu dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək, bu dildə yaxşı danışmaq, bu dili ana dili kimi duymaq, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini, Nəsimini, Vaqifi, Sabiri, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi, köklərimizi bilməyəcək, milli ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları olmayacaqdır.”

Bəli, Ümummilli Liderin də dediyi kimi dilimiz bizim milli kimliyimizdir.  Dilimiz tariximizdir. Məhz milli-mənəvi dəyərlər mühitində yetişən Azərbaycan gəncliyi Ali Baş Komandanın rəhbərliyi ilə doğma ana dilimizdə yeni bir tarix yazdı. Ali Baş Komandanın “Şuşa sən azadsan, Qarabağ Azərbaycandır!” kəlamı ana dilimizdə eşidə biləcəyimiz ən gözəl kəlamlardan biridir.

DİGƏR Xəbərlər Arxiv