YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zəngilan rayon təşkilatının 29-cu ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və təşkilatın yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, ulu öndər Heydər Əliyev xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasının banisidir. Qeyd edib ki, Azərbaycan cəmiyyətinin milli özünüdərkə dönüşü, xalqımızın tarixi yaddaşının özünə qaytarılması, milli ruhun oyanması mərhələsinin əsası da ötən əsrin 70-ci illərində Ümummilli Lider tərəfindən qoyulmuşdur. Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, Azərbaycan dilinin qorunması və geniş yayılması, kadrların milliləşdirilməsi kimi cəsarətli addımların atılması Ulu Öndərin qətiyyətinin göstəricisi olmuşdur. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi və icra olunması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə vurğulayıb ki, Azərbaycan xalqının taleyində mühüm rol oynamış elə bir hadisə yoxdur ki, orada Heydər Əliyevin imzası, adı olmasın. Saatlarla, günlərlə, aylarla bu böyük şəxsiyyət haqqında danışmaq olar. Çünki onun həyatı bir tarixdir. Azərbaycanın XX əsr tarixi. Keşməkeşli, mübarizə və inkişaf tarixi...

Natiq Quluzadə qeyd edib ki, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır: “1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.”

Milli Məclisin deputatı İmamverdi İsmayılov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən bəhs edib. Qeyd edib ki, Ümummilli Liderin qurucusu və yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrildi. Bunun isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

Azərbaycan Texniki Universitetinin professoru, tarix elmlər doktoru Şikar Qasımlı vurğulayıb ki, Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. YAP-ın yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilməsi Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi. Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. 

Rayon ziyalısı Oktay İsgəndərov çıxışında Azərbaycan dövlətini və xalqını sevən hər bir insanın bugünkü firavanlığa, davamlı ictimai-siyasi sabitliyə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun durmadan artığına görə, Heydər Əliyevə və onun siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevə borclu olduqlarını vurğulayıb.