YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATU-da Ümummilli Liderin xatirəsi anılıb

Aprelin 12-də Azərbaycan Tibb Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatı Abbasqulu Bakıxanov küçəsi. 23 üzrə (Azərbaycan Tibb Universiteti) ərazi partiya təşkilatının sədri, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev Ulu Öndərin bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü ölçüyəgəlməz işlərdən, respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən və hazırda Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisindən geniş söhbət açıb.

ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əhalinin sağlamlığının təmin olunması üçün çox əhəmiyyətli tədbirlər həyata keçirdiyini deyib. Bildirib ki, Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edib.

Nəsimi rayonu üzrə Ağsaqqallar Şurasının sədri, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, Əməkdar elm xadimi Vaqif Şadlinski ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı barədə ətraflı danışaraq onunla bağlı xatirələrini bölüşüb.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov söyləyib ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər dastanına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.

Sonda YAP sıralarına qoşulan bir qrup tələbə və ATU əməkdaşına üzvlük vəsiqələri təqdim edilib.