YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəallıq və obyektivlik vacibdir

“ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Cənubi Qafqazda səfərdədir. Aprelin 12-də o, Azərbaycanda səfərdə olub. ATƏT sədri səfər proqramına uyğun olaraq Gürcüstandan sonra Azərbaycana gəlib. Səfər çərçivəsində əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunub”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ATƏT məkanında mürəkkəb geosiyasi proseslərin baş verməsi quruma sədrlik edən dövlətlərdən proseslərə yanaşmada fəallıq və obyektivlik tələb edir. Onun sözlərinə görə, Azərbaycan regiondakı siyasi mənzərəni dəyişmiş qalib dövlətdir. Avropanın, o cümlədən Qərbin marağında olan qlobal əməkdaşlığın ən mühüm halqası məhz Azərbaycandır. Avropanı Asiya, o cümlədən Türk dünyası ilə birləşdirəcək əsas tranzit kommunikasiyası Azərbaycanın vasitəsilə tənzimlənir. Bu gün Azərbaycan regionun mühüm güc mərkəzinə çevrilib ki, bunu Avropa təsisatları da təsdiqləyir. O baxımdan, ATƏT sədrinin məlum səfəri zamanı dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqi kimi məsələlərdə rəsmi Bakının aparıcı rolunun diqqət mərkəzində olması şübhəsizdir. Ermənistana gəlincə, bu ölkənin siyasətinin dincliyə və sabitliyə əsas təhdid olması şübhə doğurmur. Qonşularına qarşı əsassız iddialarından əl çəkməyən Ermənistan hələ də bəzi böyük güclərin və ya dövlətlərin ona arxa çıxacağını düşünür, məlum təxribatlarından əl çəkmir. Təbii ki, Avropa bunu görür və lazımi nəticə çıxarmalıdır.

Millət vəkilinin sözlərinə görə, Prezidenti İlham Əliyev aprelin 12-də ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırdı. Bu baxımdan dövlətimizin başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğuladı və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini dedi. Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırdı. Dövlətimizin başçısı aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirdi.

Cənab Prezident Azərbaycanın ATƏT ilə əməkdaşlığına praktiki müstəvidə baxdığını qeyd edərək bu xüsusda transsərhəd çayları üzrə birgə əməkdaşlıq, humanitar minatəmizləmə, yaşıl limanlar, Orta Dəhliz kimi konsepsiyalar üzrə praktiki və praqmatik əməkdaşlıq layihələrinin icra olunması imkanlarına baxılmasının mümkünlüyünü diqqətə çatdırdı.

Öz növbəsində, Buyar Osmani də ATƏT-in Azərbaycanda humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə biləcəyini qeyd etdi.

“Məlumdur ki, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ATƏT və onun Minsk qrupu bu işğala son qoymaq üçün təcavüzkar Ermənistana heç bir təzyiq etmədi. Buna görə də, dövlətimiz ərazi bütövlüyümüzü öz gücünə bərpa etdi. ATƏT-in Minsk qrupu isə tarixin arxivinə göndərildi. Ümid edək ki, bundan sonrakı mərhələdə təşkilat sözügedən istiqamətlərdə, yəni humanitar minatəmizləmə işləri və digər müzakirə mövzusu olan məsələlərlə bağlı praktiki addımlar atacaq. Digər tərəfdən, ATƏT sədri Ermənistana səfəri çərçivəsində Paşinyan hakimiyyətini başa salmalıdır ki, mövcud reallıqları qəbul etməkdən başqa şansları yoxdur”, -deyə Sevinc Fətəliyeva vurğulayıb.