YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təhsilinin inkişafında Ulu Öndərin tarixi xidmətləri

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin Cəlilabad şəhərinin mərkəzi parkında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. 

Konfransı giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsindəki müstəsna xidmətləri, təhsilin inkişafında, ölkəmizin iqtisadi, siyasi və mədəni təşəkkülündə rolu barədə danışıb, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb. M.Mirxaslı qeyd edib ki, Ümummilli Lider milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Bütün sahələrdə olduğu kimi, təhsildə də Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu daim artırır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İ.Zeynalov, partiya və əmək veteranı Ə.Əsgərov, təhsil işçiləri S.Quliyeva, Ə.Teymurov, İ.Dadaşova, K.Hacıyeva, S.Məmmədova və başqaları vurğulayıblar ki, bu gün ölkəmizdə təhsil sistemi mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Təhsildəki uğurlar və gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların təhsil problemlərinin həlli istiqamətində görülən işlər, təhsil müəssisələrinin formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Sonra konfransda 01-10 aprel 2023-cü il tarixlərində rayonun ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. İnşa-yazı müsabiqəsində 1-ci yer tutan Dövlətalıbəyli kənd tam orta məktəbinin VII  sinif şagirdi Həsənli İlham Rasim oğlu və digər yerləri tutan qaliblər hədiyyələrlə, partiyanın və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi isə fəxri fərmanla təltif edilib.