YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək

Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb.

Sərəncamın məqsədi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsidir.

Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanması üçün zəruri tədbirlər görmək, Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək barədə tapşırıq verilib.

Sərəncamda, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq, istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsi və sudan səmərəli istifadənin təmin edilməsi üçün tələb olunan vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərə alınmasına dair təkliflərini İqtisadiyyat Nazirliyinə təqdim etməsi tapşırılıb.