YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əməkdaşlıq imkanları

“Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, dövlət başçılarınin sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 10-da bu ölkəyə rəsmi səfəri iki qardaş dövlət arasında müttəfiqlik münasibətlərini daha da gücləndirəcək.

Millət vəkilinin sözlərinə görə, Türk dünyasının ümumi maraqları Azərbaycan və Qazaxıstanı ortaq məxrəcə gətirən ən mühüm amillədən biri qismində çıxış edir. Dost Qazaxıstan qısa müddətdə nüfuzlu beynəlxalq təşkilata çevrilən Türk Dövlətləri Təşkilatının (TDT) əsasını qoyan ölkələrdən biridir. Qazaxıstan Mərkəzi Asiyada böyük coğrafiyaya malikdir. Zəngin təbii resurslara və əmək ehtiyatlarına malik olan bu ölkə TDT-nin institusional qurum kimi möhkəmlənməsinə, funksionallığının artmasına, regional və qlobal proseslərə təsir imkanlarının genişlənməsinə davamlı töhfələr verir. Qazaxıstan TDT-da birləşən bütün ölkələrlə xoş mərama əsaslanan dinamik siyasi-iqtisadi münasibətlər qurub. Bu ölkənin rəsmiləri TDT-nin qərarlarının icrasının yüksək səviyyədə təmin olunmasına davamlı səylər göstərirlər. TDT-nin mart ayında baş tutan Ankara Sammitindən az sonra Prezident Kasım-Jomart Tokayevin Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş layihəsini təsdiqləməsi buna son nümunədir. Son vaxtlarda türk dövlətləri arasında keyfiyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulmasının şahidi oluruq. Xəzər-Qara dəniz hövzələri regionunda geniş coğrafiyada yerləşən türk dövlərləri arasında birliyin möhkəmlənməsində Azərbaycan da xüsusi rol oynayır.

Azərbaycan və Qazaxıstanı, həmçinin Orta Dəhlizdə ortaq maraqlar birləşdirir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur. Aprelin 10-da dövlət başçılarının mətbuata bəyanatında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dediyi kimi, 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir: “Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək”. Prezident İlham Əliyev isə qeyd edib ki, Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir: “Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir”.

Pərvin Kərimzadə həmçinin qeyd edib ki, ölkələrimiz ikitərəfli formatda olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu sırada Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, TDT, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq qurumları qeyd edə bilərik. Qazaxıstan dövləti və xalqı birinci və ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. 44 günlük Vətən müharibəsindən sonra  azad olunmuş  Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi isə dostluğumuzun daha bir nümunəsidir.

Aprelin 10-da Astanada prezidentlərin iştirakı ilə Heydər Əliyev küçəsinin təntənəli açılış mərasiminin keçirilməsi də həm qardaşlığımızın, həm də qazax xalqının Ulu Öndərimizin əziz xatirəsinə dərin ehtiramının ifadəsidir. Mərasimdə Qazaxıstan Prezidenti bildirib ki, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib: “Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir”. Azərbaycan Prezidenti İlham Əliyev isə Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Qazaxıstanın dövlət başçısına və xalqına təşəkkür edərək vurğulayıb: “Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir”.

Beləliklə, Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu münasibətlər nəinki ölkələrimizin, bütün Türk dünyasının maraqlarına uyğundur. Çünki bütövlükdə Türk dünyasının güclənməsi prosesi gedir ki, burada ölkələrimizin arasında əməkdaşlığın davamlı olaraq genişləndirilməsi mühüm amildir.