YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlıq münasibətlərinin uğurlu inkişafı

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan-Tacikistan diplomatik münasibətlərinin əsası 29 may 1992-ci ildə yaradılıb. Son illərdə isə iki ölkə arasında əlaqələr daha sürətlə inkişaf edir. Bu gün ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur ki, bu da digər sahələrdə əməkdaşlğı inkişaf etdirmək üçün münbit şərait yaradır.

5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri  zamanı  mətbuata bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrdən bəhs edərkən tarixə nəzər yetirərək bildirdi ki, bu qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. 1990-cı illərin əvvəllərində həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Hər iki ölkədə ictimai-siyasi sabitlik pozulmuş, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Təbii ki, ən dəhşətli müharibə qardaş qırğınıdır. Tacikistanda Prezident Rəhmon, Azərbaycanda isə Ulu Öndər Heydər Əliyev bu qanlı səhifəni çevirmək, ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.

Mətbuata bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Əgər sabitlik olmasa nə investisiyalar, nə tərəqqi, nə də ki, insanların rahatlığı olar. Bu gün həm Tacikistanın, həm də Azərbaycanın sabit, davamlı olaraq inkişaf edən ölkələr olmasının əsasında müdrik rəhbərlərin xalqların milli maraqlarına əsaslanan siyasət yürütməsi dayanır. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoymuş ölkələrdir. Hər iki ölkənin bugünkü uğurlu inkişafının arxasında məhz böyük liderlərin gərgin əməyi dayanır. Bu fakt özlüyündə onu da sübut edir ki, inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.

Prezident İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında mövcud əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələnəcək. Səfərin nəticələrinə əsasən qısa zaman ərzində konkret addımlar atılacaq. Belə ki, nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair bütün tapşırıqlar yerinə yetiriləcək. Tacikistanın ölkəmizlə olan yaxın münasibətləri, həmçinin bu ölkədəki sabitlik mühiti əsas verir ki, Azərbaycan Tacikistanda investisiya layihələrini nəzərdən keçirsin və ölkəmiz ciddi formada buna hazırdır. Bütün sahələrdə konkret addımlar atmaq üçün bu il Tacikistanda hökumətlərarası komissiyanın növbəti iclası da keçiriləcəkdir.

Ümumiyyətlə, xalqlarımız arasında arasında olan dostluq əlaqələri hər bir sahədə əlaqələrin yüksək səviyyədə olmasına şərait yaradır. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməlinin mövcud olması da bu deyilənlərin bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyəti, Tacikistanda isə Azərbaycan mədəniyyəti çox yüksək qiymətləndirilir. Mətbuata bəyanatında Prezident cənab İlham Əliyev ölkələrimiz arasında olan mədəni əlaqələrdən danışarkən qeyd etdi ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Bütün bunlardan əlavə, Prezident cənab İlham Əliyevin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri  zamanı  ölkələrimiz arasında imzalanan çoxlu sayda sənədlər də Azərbaycan-Tacikistan münasibətlərinin yeni inkişaf mərhələsində hüquqi baza rolunu oynayacaq.

DİGƏR Xəbərlər Arxiv