YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm Zəfərimizin memarı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərindən 5 il keçir. Ötən bu illərdə, ümumilikdə, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 20 ilə yaxın Prezidentlik dövründə görülən işlərin, bütün sahələrdə qazanılan uğurların zirvəsində tarixi Zəfərimiz dayanır. Azərbaycan xalqı dövlətimizin qətiyyəti sayəsində tarixi ədalətin bərpa ediləcəyinə əmin idi.

Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnir. Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar torpaqlarımızın işğaldan azad edilməsini şərtləndirdi. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. 44 gün davam edən müharibə şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.

44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” dövlət başçısı İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana cavabı oldu. Belə ki, cənab İlham Əliyevin 2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı diplomatik uğurumuz olmaqla yanaşı, tarixi Zəfərimizə hazırlıq üçün böyük stimul oldu. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə Xankəndinə səfəri zamanı səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” absurd bəyanatı açıq-aşkar işğal altındakı torpaqlarımızın sülh yolu ilə qaytarılmayacağına işarə edirdi. Azərbaycan Prezidenti Ermənistan rəhbərinin bu sərsəm bəyanatından sonra dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən, beynəlxalq aləmdə münaqişənin tarixinə düzgün yanaşılmamasından bəhs edərək  bu məqamı da xüsusi qeyd etdi ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Cənab İlham Əliyevin “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı bir daha dövlət başçısının qətiyyətini, prinsipiallığını, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğatımızın uğurlarını, artiq keçmişdə qalmış Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyimizi dünyaya çatdırdı. Həmin tarixi çıxışından bir il sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “Qarabağ Azərbaycandır” nidasını tarixi torpaqlarımıza əbədi həkk etdi.

Prezident İlham Əliyevin hər bir bəyanatı reallıqda, Azərbaycan dövlətinin dəyişməz mövqeyində öz əksini tapır. Bu gün hər bir vətəndaşımız fəxrlə, qürurla bəyan edir ki, əgər ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin xilaskarıdırsa, Onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev möhtəşəm Zəfərimizin memarıdır. Prezident İlham Əliyev möhkəm təməl üzərində güclü Azərbaycan yaratdı. Bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda bərpa-quruculuq işləri həyata keçirilir. Gələcəkdə dayanıqlı inkişafımızın təmin olunması üçün geniş imkanlar yaranır. Uğurlarımız belə bir ümumiləşdirməyə əsas verir ki, düzgün müəyyənləşdirilən yol daim ölkəni irəliyə aparır.