YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misilsiz uğurlara imza atılıb

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Bu gün  Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin liderliyinin miqyasının sərhədlərini isə müəyyənləşdirmək qeyri-mümkündür.

O, dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat etmişdir. Prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir.

Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın bir dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, dünyada öz sözü və mövqeyi olan, innovativ təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən dövr ərzində misilsiz uğurlara imza atılıb. Bu günə qədər verilən bütün vədlərə öz əməlləri ilə sadiq qalan Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu mənada əsrə bərabər 20 ilin zirvəsində, əlbəttə, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Təbii ki, bir nömrəli problemimiz olan Qarabağ münaqişəsinin həlli üçün təkcə güc yetərli deyildi. Bu, həm də diplomatik müstəvidə, informasiya cəbhəsində məqsədyönlü, fəal və ardıcıl iş aparılmasını tələb edirdi. Eyni zamanda, beynəlxalq aləmdə ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Biz bunu bacardıq. Görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.  Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı açılışı olan obyektlər, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərdə tezliklə yeni həyat başlanacaq.