YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni inkişaf mərhələsi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Növbədənkənar 11 aprel 2018-ci il prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev 18 aprel 2018-ci il tarixdə keçirilən andiçmə mərasimində bildirmişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” 2018-ci ildən sonrakı dövr iqtisadi islahatların davamlılığı, torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilir.

İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası həm 2003-2018-ci illərin, eyni zamanda, 2018-ci ildən sonrakı dövrün uğurlarında özünün aydın ifadəsini tapır. Belə ki, 2003-2018-ci illər ərzində sözügedən sahəyə xüsusi diqqət göstərildi. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. 2018-ci il 29 may tarixində Bakıda Cənub Qaz Dəhlizinin, həmin ilin 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. 2020-ci ilin sonunda, dekabrın 31-də TAP-ın istifadəyə verildi. Beləliklə, çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu daha da artdı. Son iki ildə Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqət yetirməklə etibarlı tərəfdaş kmi möhkəmlənən mövqeyini daha aydın görə bilərik. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması mövqeyinin möhkəmlənməsində öz sözünü deyir.

Azərbaycanın iqtisadi uğurları digər sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı addımların atılmasında əhəmiyyətli rol oynadı. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Ordumuzun nəyə qadir olduğunu, Azərbaycan xalqının gücünü və yenilməz ruhunu göstərdi. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.

Qeyd etdiyimiz kimi, 2018-ci il president seçkisindən az sonra, 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya dağını və Qaraqaya dağını işğaldan azad etdi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumi olaraq 11 min hektarlıq ərazi işğaldan azad edildi.

Son 5 ilin uğurlarının zirvəsində tarixi Zəfərimiz dayanır. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan diz çökdürüldü, torpaqlarımız işğaldan azad oldu, tarixi ədalət bərpa edildi.