YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Quruculuq siyasətində diqqət çəkən məqamlar

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Ordu yaratmaq, qurmaq asan bir şey deyildir. Ulu Öndərin bu sahəyə qayğısı ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu.
Ümummilli Liderin 24 noyabr 1997-ci il tarixli Sərəncamı ilə yaradılan C. Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi, müasir Azərbaycan Silahlı Qüvvələrinin əsasını təşkil edən zabitlər yetişdirdi. Ümummilli liderin şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etdi. Ulu Öndər Silahlı Qüvvələrimizin bütün növlərinin daha səmərəli şəkildə yenidən təşkili və inkişafı, şəxsi heyətin sosial-məişət problemlərinin həlli, hərbi təhsil sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi, gənclərin hərbi vətənərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirdi.

Bu gün ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Bu gün qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri  NATO standartlarına cavab verən səviyyədədir. Həmçinin NATO ilə əməkdaşlığı çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da  mühüm töhfə veririk. Bu istiqamətdə, sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusilə qeyd edilməlidir. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir.

44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ordumuzun gücünü və qüdrətini bir daha bütün dünyaya göstərdi. Artıq üçüncü ildir ki, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli müqəddəs bayrağımız qürurla dalğalanır. Ali Baş Komandan İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, heç kim bundan sonra  bizim müstəqilliyimizə, ərazi bütövlüyümüzə təhdid yarada bilməz. Çünki Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu var.