YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflərə zamanında və yüksək səviyyədə nail olacağıq

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri      

Prezident İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən görülən işlərin təhlili əsasında qarşıda dayanan vəzifələri açıqladı.

Bu gün Laçın rayonu sürətli bərpa-quruculuq dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə üsulunun tətbiqi işlərin sürətinə, eyni zamanda, keyfiyyətinə xüsusi təsir göstərir. Dövlət başçısı İlham Əliyev qəbulda bu fikri vurğuladı ki, dövlət öz üzərinə düşən vəzifəni icra edir: “Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.”

İdarəçilik sistemində təkmilləşmə, hər bir yeniliyin ölkəmizdə tətbiqi əsas hədəflərimiz sırasındadır. Son iki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Laçın rayonunda görülən işlərə diqqət yetirsək yeniliklərin şahidi olarıq.

2021-ci ildə  Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməlini qoyub. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək. Nəzərə alaq ki, Laçın rayonu füsunkar təbiəti ilə seçilən bölgələrimiz sırasındadır. Rayonda turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Görülən işlərə və rayonun təbiətinə söykənərək dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, Laçın cənnət məkan olacaq. 

Laçın şəhəri, eyni zamanda, Zabux və Sus kəndləri yenidən qurulur. 2022-ci il sentyabrın 20-də Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda görüləcək işlər və onların icra mexanizmləri öz əksini tapıb. Qeyd etdiyimiz kimi, bu torpaqlarda yeni idarəetmə sisteminin yaradılması işin səmərəliliyini artırır. Hədəflərə zamanında və yüksək səviyyədə nail olacağımıza böyük əminlik mövcuddur.

Hazırda demək olar ki, Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur. Su, kanalizasiya, elektrik enerjisi xətləri, yollar şəkilir.  Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Atılan bu kimi addımlar sakinlərin gələcəkdə normal yaşayışına xidmət edir. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox sakin  yerləşəcək. Rayonun Güləbird və Qorçu kəndlərinin Baş planı ölkə başçısı tərəfindən təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 sakinin yerləşməsi nəzərdə tutulur. Həyata keçirilən tədbirlərin sayəsində ölkə başçısının bildirdiyi kimi, yaxın gələcəkdə - bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcək.

Laçın şəhərinin yenidən qurulması işləri ötən ilin avqustun 26-dan başlayaraq icra edilir. “Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək.

İşğaldan azad edilmiş ərazilərimizin hər birinin müasir tələblər səviyyəsində yenidən qurulması, soydaşlarımızın rahat, təhlükəsiz yaşayışının təmin edilməsi əsas prioritetlərdəndir.