YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm işlər görülür

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

31 mart tarixi ötən əsrdə Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri növbəti qətliamı sübut edən hadisələrin kulminasiyası olub. Nə yazıq ki, o məşum olaylardan sonra da ermənilər Cənubi Qafqazda türk-müsəlman əhalini məhv etmək üçün çoxsaylı cinayətlər törədiblər. Regionda sovet rejiminin bərqərarından sonra soydaşlarımıza qarşı qətliamlar bir müddət dayansa da, torpaqların zəbt edilməsi, yerli sakinlərin deportasiyası, həmçinin repressiyaya məruz qoyulması yolu ilə xalqımız bədnam qonşulardan daim zərər görüb. Sovet rejimi laxlayan kimi, yenidən xalqımıza qarşı açıq düşmənçiliyə keçən ermənilər Azərbaycan Respublikası müstəqillik qazandıqdan dərhal sonra Xocalı soyqırımını törətdilər.

Xocalı soyqırımı XX əsrdə bütün dünyanın gözü qarşısında törədilən hərbi cinayət olsa da, hələlik onun birbaşa təşkilatçıları və icraçıları beynəlxalq məhkəmə qarşısında mühakimə olunmayıb. Əslində tarixə nəzər salanda məlum olur ki, çoxsaylı cəhdlər olsa da, xalqımıza qarşı törədilən genosid siyasətinin günahkarları çox vaxt cəzasız qalıblar. Belə ki, bu gün biz 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü dövlət səviyyəsində qeyd etsək də, həmin qətliamı törədənlərin layiqli cəzalar almadıqlarını hamımız bilir və sadəcə soyqırımı qurbanlarının xatirəsini anmaqla özümüzdə təskinlik tapırıq.

Düz 105 il bundan qabaq baş verən hadisələrin xronologiyasından bəlli olur ki, şovinist daşnaklara havadarlıq edən saxta bolşevik Stepan Şaumyanın silahlı birləşmələri Bakıda, daşnak Lalayanın quldur dəstələri Şamaxıda, digərləri Qubada dinc əhalini qırğına məruz qoyublar. Daşnak-bolşevik birləşmələrinin iki yerə parçaladıqları Bakıdakı qırğınlarla eyni zamanda erməni quldur dəstələri Şamaxını mühasirəyə almış, şəhər ələ keçiriləndən sonra qarşılarına çıxan hər bir müsəlmanı işgəncələrlə öldürmüşdülər.

Tarixi faktlara əsasən, daşnak-bolşevik silahlı dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və Muğan bölgələrində 50 mindən çox soydaşımızı qətlə yetirmişdilər. 1918-ci ilin mart ayının üç günü ərzində Bakı şəhərində 30 minə qədər azərbaycanlı öldürülmüşdü. Bakı qırğınlarında qətlə yetirilənlər indiki Şəhidlər Xiyabanı ərazisində salınan Çəmbərəkənd qəbiristanlığında dəfn edilmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlılara qarşı soyqırımı faktları dərhal araşdırılmışdı. Lakin bolşeviklər hakimiyyətə gələndən sonra soyqırımının unutdurulması siyasəti aparıldı, bu məqsədlə Çəmbərəkənd qəbiristanlığında park salındı.

Qeyd etmək gərəkdir ki, 1918-ci ilin martında xalqımıza qarşı törədilmiş cinayətlər daha çox vəhşiliyi və kütləviliyi ilə özünü göstərib. Belə ki, mart ayı ərzində, Bakı şəhəri başqa olmaqla, Azərbaycanın digər bölgələrində məhz azərbaycanlı və müsəlman olduqlarına görə insanlar öldürülüb. Bu tarixi cinayətin miqyasını nəzərə alan Azərbaycan Prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə (soyqırımın 80 illiyi ərəfəsində) imzaladığı Fərmanla 31 mart tarixini “Azərbaycanlıların Soyqırımı Günü” elan edib. Ümummili Liderin tarixi faktlara əsasən imzaladığı Fərmanda qeyd edilirdi ki, XIX – XX əsrlərdə Azərbaycanda baş verən bütün faciələr ermənilərin azərbaycanlılara qarşı düşünülmüş və planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edir və torpaqlarımızın zəbti ilə müşayiət edilib.

Onu da vurğulamaq yerinə düşər ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü 2003-cü ildən Azərbaycana rəhbərlik edən dövlət başcısı İlham Əliyevin də diqqət mərkəzində olub. Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına 30 mart 2004-cü il tarixli müraciətində də 1918-ci ildə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan nəticəsində on minlərlə dinc insanın məhv edildiyi xüsusi qeyd edilib.

Ümumiyyətlə, Prezident İlham Əliyevin dövlət başçısı olduğu son 19 il ərzində azərbaycanlıların soyqırıma məruz qalmasının dünya ictimaiyyətinə çatıdırlması yönündə məqsədyönlü fəaliyyətlər aparılıb. Dövlət başçısının rəhbərlyi altında 1918-ci il soyqırımının yaddaşlardan silinməməsi üçün hər il 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yad etmək, Azərbaycan xalqına qarşı soyqırmı törədildiyinin tarixi faktlarla və sübutlarla dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görülür.

Buna baxmayaraq, ermənilər xalqımıza qarşı törədilən soyqırımı ört-basdır etmək üçün saxta təbliğat aparırlar. Ermənilərin guya 1915-ci ildə genosidə uğradıqları barədə uydurma və böhtanlarına  qarşı olaraq Azərbaycan dövləti və xalqı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil edilən tədbirlərlə, habelə Xocalı soyqırımı ilə bağlı bütün dünyada apardığı genişmiqyaslı kampaniyalar vasitəsilə cavab verir və bundan sonra da verəcək.