YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baydenin məktubunun geostrateji şifrələri...

Nurlan Qələndərli

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Cozef Baydenin Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə ünvanlandığı məktubda maraqlı və önəmli nüanslar əks olunub.

ABŞ Prezidenti vurğulayır ki, "Birləşmiş Ştatlar bu yenilənmə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir".

Şübhəsiz ki, “yenilənmə” ifadəsi həm də geostrateji məzmun daşıyır. Çünki 44 günlük müharibədə qələbə qazanan Azərbaycan yeni reallıqlar yaradıb – Cənubi Qafqazda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühiti formalaşdırıb. ABŞ-ın da həyati maraqlarının olduğu regionda artıq postmüharibə mərhələsidir və əməkdaşlıq üçün daha geniş imkanlar var. Azərbaycan kommunikasiyaların bərpası, yeni əməkdaşlıq platformasının yaradılması və digər istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Bu, təkcə region dövlətləri deyil, həm də bölgədənkənar qüvvələr, o cümlədən ABŞ kimi güc mərkəzləri üçün cəlbedici, faydalı və önəmlidir.

Bununla yanaşı, Azərbaycanın strateji fəaliyyəti, sabitlik – təhlükəsizlik adası və inkişaf məkanı imici formalaşdırması dünyada, o cümlədən okeanın o tayından Cənubi Qafqaza yeni geosiyasi baxışın formalaşmasını şərtləndirib.

Azərbaycanın timsalında regional geosiyasətə münasibətdə “yenilənmə” ifadəsindən istifadə olunması həm də onu göstərir ki, ölkəmiz müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını dünya miqyasında qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib.

Məktubun geostrateji məzmunu bir sıra digər reallıqları da ifadə edir:

- Birincisi, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dünyada böyük etimad qazanması və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınması bir daha öz təsdiqini tapır;

- İkincisi, ABŞ Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir, iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli əlaqələri və güclü tərəfdaşlığı, o cümlədən birgə təşəbbüsləri yüksək qiymətləndirir: “Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər”.

- Üçüncüsü, Birləşmiş Ştatların yeni reallıqlar fonunda – geosiyasi yenilənmə şəraitində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyi aydın və birbaşa ifadə edilir: “Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm”.

- Dördüncüsü, məktubda yer alan məsələlər həm də Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında rolunu, eləcə də Bakıya geosiyasi inamı əks etdirir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Güc mərkəzlərinin nümayəndələrinin görüşü Bakıda baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr aparılıb. Ölkəmiz bu gün bir-biri ilə əks mövqelərdə - zidd qütblərdə dayanan tərəflərlə hər hansı bir gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir. Azərbaycan beynəlxalq hüquqa hörmət və riayət olunmasının tərəfdarıdır. Nəhayət, Bakı bölgədə gərginliyin öz yerini anlaşma-uzlaşma və işbirliyinə verməsi üçün vacib təşəbbüslərlə çıxış edir. Bütün bunlara görə Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam və etimad var. Beləliklə, dialoq, diplomatiya və əməkdaşlıq məkanı olan Bakı həm də Cənubi Qafqazda sülhün, demokratiyanın və tərəqqinin paytaxtı kimi dəyərləndirilir. Bu, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi, Azərbaycanın yüksək nüfuzunun göstəricisidir;

- Nəhayət, məktubda ifadə olunan fikirlər Azərbaycanın regionun geostrateji gündəliyini formalaşdıran əsas - aparıcı qüvvə olduğunu bir daha təsdiqləyir.