YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəfləri gerçəkləşdirmək iqtidarındayıq

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri 

Bir neçə il bundan əvvəl ökədə həyata keçirilən  islahatlar fonunda iqtisadi və siyasi müstəvidə müsbət dəyişikliyə nail olmaqdan ötrü icra strukturu ilə yanaşı, qanunverici orqanın da yenidən formalaşmasının zərurəti yaranmışdı. Milli Məclisin beşinci çağırış tərkibi heç bir halda islahatlara yardım missiyası ilə çıxış edə bilmirdi. Nəzərə almaq lazımdır ki, Prezident Administrasiyası, Nazirlər Kabineti ilə bağlı aparılan dəyişikliklər fonunda parlamentdəki sükunət diqqət çəkirdi. Belə bir vaxtda Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul etdi. Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini bildirdi. Parlament tam tərkibdə buraxıldı və  2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri təyin olundu. Qeyd edilən tarixdə keçirilən seçkilər bir daha göstərdi ki, Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb. Seçkilərin nəticələrini yüksək qiymətləndirən Avropa İttifaqı bəyanatında “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – verdiyi qiymətlə seçkilərin nəticələrini tanıdığını bildirmişdir.

Prezident İlham Əliyev 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərək ölkədə həyata keçirilən islahatların xarakterini, cəmiyyətin həyatında baş verən dəyişiklikləri diqqətə çatdıraraq bildirdi ki altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələrin rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etməsi, namizədlərin çoxluğu, xüsusən gənclərin seçkilərdə fəallığı kifayət qədər yüksək olmuşdur.

Cənab Prezident çıxışında qeyd etdi ki, “İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.”

Ölkədə aparılan islahatların həm konseptual, həm də struktur xarakterli olması qanunvericilik bazasının da təkmilləşdirilməsini tələb edirdi və bu prosesin başladılması çox mühüm dəyişikliklərə səbəb oldu. VI çağırış Milli Məclisinin tərkibi onu deməyə əsas verir ki, artıq ölkəmizdə çoxpartiyalı sistem oturuşmuş vəziyyətə gəlib çatmış, bütün ümdə məsələlərin müzakirəsinin parlamentə keçidi başa çatmışdır. Milli Məclisdə təmsil olunan müxalifət partiya nümayəndələrinin parlament komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmlənməsi və siyasi münasibətlərin sağlam zəmində güclənməsində mühüm mərhələ olmuşdur. Yeni tərkibdə formalaşmış Milli Məclis ölkə rəhbəri tərəfindən başladılmış islahatlara yeni təkan verməklə  ilk növbədə qanunvericilik sahəsində kifayət qədər səmərəli fəaliyyət sərgiləyə bilmişdir. Bunu dəyişən reallıqlar çərçivəsində yeni qanunların  qəbul edilməsi, hadisələrə çevik və adekvat reaksiya bir daha sübut edir.

Yeni parlament tərkibinə nəzər saldıqda görünən odur ki, bu dəfə gənclər kifayət qədər mandat ala bilmişdir. Bu da ilk növbədə cənab Prezident İlham Əliyevin gənclər siyasətinin bəhrəsi hesab edilməlidir. Gənclərə bütün sahələrdə üstünlük verilməsi, onların potensialından səmərəli istifadə edilməsi həm idarəçilikdə, həm də digər sahələrdə kifayət qədər irəliləyişə səbəb olmuşdur. 

Həyat göstərdi ki ötən müddət ərzində əldə edilmiş ən mühüm nailiyyət daxili sabitlik mühitinin yaranmasıdır. Mövqeyindən asılı olmayaraq əksər siyasi partiyalar ölkə daxilində siyasi sabitliyin bərqərar olmasında maraqlıdır və milli təhlükəsizliyin, dövlət maraqlarının qorunması ön plandadır. Bu mərama qulluq edən siyasi partiyaların Milli Məclisdə təmsil olunması, qanunvericilik sahəsində təkliflərin qəbul edilməsi də ölkəmizin imicinin yükəsldilməsində  mühüm rol oynamışdır.

Siyasi sahədə əsas milli maraqlar dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü; konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması; ictimai-siyasi sabitliyin təmin edilməsi; kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması; dünya azərbaycanlılarının həmrəyliyi; xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi; Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya; beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılmasıdır. Son beş ildə bu sahədə əldə edilmiş nailiyyətlər göz önündədir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əsası da bu maraqların qorunması sayəsində əldə edilmişdir.   

Hər hansı bir siyasi addım bəhrəsini bir müddət sonra büruzə verir. Cənab İlham Əliyevin həyata keçirdiyi yeni islahatlar da bunu bir daha sübut elədi. Müharibədə qələbə, sosial sahədə inqilabi dəyişikliklər, pandemiya dövründə əhalinin rifahının qorunması və yaxşılaşdırılması, dünya birliyinə inteqrasiya, enerji təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər, qlobal layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinə səbəb olmuşdur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi məhz bu qələbələrin və inkişafın əldə edilməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan cəmiyyəti birmənalı şəkildə bu siyasəti dəstəkləyir. Qarşıda çox mühüm vəzifələrin icrası gözlənilir ki, xalqımız öz rəhbərinin yanında olaraq bu vəzifələrin də öhdəsindən gələcəkdir.