YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının yaradılmasının 30-cu ildönümü qeyd olunub

Martın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 30-cu ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin rayon təşkilatının inzibati binası qarşısında ucalan abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu deyib. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin ulu öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söyləyib. Vüsar İsmayılov bildirib ki, YAP Binəqədi rayon təşkilatı ilk yaradılan rayon təşkilatlarından biridir. Sıralarında 16 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəflər – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.

Milli Məclisin deputatı Kamaləddin Qafarov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edib.

Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, YAP tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiyadır. Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb. Bildirib ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, xalqımız tarixi zəfərlər əldə edir. RİH başçısı çıxışının sonunda xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib. Tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu söyləyib.

Çıxışlardan sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadına fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir bədii hissə ilə başa çatıb.