YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal həmrəyliyə mühüm töhfə

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin, beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Hərəkat müasir dünyada öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Həmin ilin dekabrında isə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil olundu. Bu sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Azərbaycanın təşəbbüsləri göstərdi ki, çıxış yolu təkcə sərhədlər daxilində deyil, beynəlxalq səviyyədə həmrəyliyin inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışında Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada səmərəli rol oynamasını nəzərə çatdırdı: "Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik".

Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü həm təşkilatın fəaliyyəti, həm də dünyanın təhlükəsizliyi baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Qoşulmama Hərəkatının nəticələri onu deməyə əsas verir ki, Azərbaycan növbəti dəfə aktual məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməklə qlobal həmrəyliyə xüsusi yanaşmasını və töhfəsini nümayiş etdirdi.