Xəbərlər
Xətai rayonunda Xocalı faciəsinin qurbanları anıldı
Fevralın 24-də Xətai rayonu ərazisində məskunlaşan Xocalı sakinləri ilə görüş keçirildi.
Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində tədbirin iştirakçıları öncə faciə qurbanlarının xatirəsinə Xətai rayonu ərazisində ucaldılan “Ana fəryadı” abidəsini ziyarət etdilər.
Xətai Rayon İcra Hakimiyyətində keçirilən görüşdə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının törədilməsindən 31 il keçdiyini vurğulayan Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev ermənilərin zaman-zaman himayədarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini bildirdi. Qeyd etdi ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq yerlə-yeksan edilib. Xalqımız çoxəsrlik tariximizin hər bir səhifəsini daim vərəqləyir, onların indiki və gələcək nəsillərə çatdırılması üçün səylərini daha da artırır.
Bir daha bu məqama diqqət yönəldildi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirdi ki, 31 il əvvəl Xocalıda törədilən soyqırımı bəşər tarixinin ən qanlı qətliamlarından biridir. Biz bunu unutmamalı, unutdurmamalıyıq. Ermənilərin Xocalıda törətdikləri bu qanlı cinayət təkcə Azərbaycan xalqına deyil, həm də bütün dünyaya, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir.
YAP Xətai rayon təşkilatının sədri Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımların miqyasının genişliyindən bəhs etdi. Bu mühüm məqamı xüsusi vurğuladı ki, Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra verildi.
Son 19 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə atdığı addımlar da davamlıdır. Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsi hər il böyük ehtiramla yad edilir. On minlərlə insanın qatıldığı ümumxalq yürüşləri soyqırımı qurbanlarının xatirəsinə göstərilən ehtiramın əyani nümunəsinə çevrilir. Bu ümumxalq yürüşləri həm də dünyaya bir çağırışdır. Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Bu işdə Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Xocalı həqiqətlərinin təbliğində Leyla Əliyevanın 2008-ci ildə irəli sürdüyü “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu var.
Görüşdə Xocalı sakinləri adından çıxış edən Solmaz İsmayılova və Məryəm Əsgərova göstərilən diqqət və qayğıya görə dövlətimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Bu fikri böyük qürur hissi ilə qeyd etdilər ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, Şuşamızın işğaldan azad edilməsi Xocalı nisgilinə də tezliklə son qoyulacağına böyük inam yaradır. Tezliklə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın bu qədim şəhərinə qayıdacağıq və “ağıllı şəhər” layihəsinin növbəti iştirakçıları sırasında Xocalı da olacaq.