YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas vəzifə

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli faciəsi – Xocalı qətliamı baş verdi. Günahsız insanlar - körpə, uşaq, cavan, qoca qanlarına qəltan edildilər. Bu, dinc, əliyalın əhaliyə - azərbaycanlılara qarşı edilən genosid idi. Həmin gecə erməni ekstremistləri Xankəndində yerləşən 366-cı alayın köməyi ilə Xocalı şəhərini yandırdılar. Xocalı faciəsi Kərkicahan, Malıbəyli, Meşəlinin davamı idi.  Bu faciə bəşər tarixində analoqu olmayan bir soyqırımı, insanlığa qarşı  törədilmiş cinayətdir. Bunu unutmamalı və  unutdurmamalıyıq.

Dünya zaman-zaman ermənilərin öz himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasətinin şahidi olub. Amma susmaqla, ədalətin və beynəlxalq hüququn yanında olmamaqla növbəti cinayətlərin törədilməsinə yol açıb. 44 günlük İkinci Qarabağ müharibəsində dünya bir daha erməni vəhşiliklərinin şahidi oldu. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, bir dəfə Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi paket atəşinə tutdu, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və nə qədər böyük dağıntılara səbəb oldular. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirilir. Ermənistan cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir. Prezident İlham Əliyev törədilən bu  cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki, Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.

Tarixi Zəfərimiz dövlət başçısı İlham Əliyevin bu  fikirlərinin reallıqda təsdiqi oldu. Azərbaycan qalibiyyəti ilə Ermənistana və ona illərdir havadarlıq edib, münaqişənin həlli prosesinin uzadılması üçün imitasiya naminə danışıqların aparılmasına dəstək olan dövlətlərə bir sıra mesajlarını çatdırdı. Bir daha sübut edildi ki, bu torpaqlar bizə məxsusdur. Azərbaycan xalqı tarixinə, torpaqlarına sahib çıxan, yaşadığı faciələri unutmayan, heç zaman ruhdan düşməyərək daim irəli baxan xalqdır. Xalqımız ədalətin gec-tez zəfər çalacağına əmin idi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, işğal altında  olan bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib. 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə keçirilən anım mərasimi də özündə bütün məqamları ehtiva edir. Çoxəsrlik tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, öyrənilməsi və gələcək nəsillərə çatdırılması qarşımızda dayanan əsas vəzifələrdəndir. Müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə edərək həqiqətlərimizin, illərdir ermənilərin başımıza gətirdikləri faciələrin beynəlxalq ictimaiyyətə çatdırılmasına öz töhfələrimizi verək.