YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı - tarixin qan yaddaşı

Pirallahı rayonunda yerləşən 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Xocalı soyqırımı-tarixin qan yaddaşı” adlı tədbir keçirilib.

Əvvəlcə mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin Xocalı soyqırımına həsr olunmuş sərgisinə baxış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, xalqımızın və bəşəriyyətin tarixinə faciə kimi daxil olmuş Xocalı soyqırımından 31 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi. Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Qeyd olunub ki, Vətən müharibəsində Ermənistan bir daha öz qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi: “Murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkərlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən Ermənistan quldur erməni silahlı birləşmələri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Lakin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sərt üzü ilə qarşılaşdı. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu səfərbər və tək yumruq oldu. Biz illərdir bu anı gözlədik, Xocalının intiqamını bu birliyimizlə aldıq. Ermənistana layiq olduğu yer göstərildi”.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək bildirib ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində çoxşaxəli işlər görüb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası dünyanın bir çox ölkələrində keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və Şanlı Ordumuzun əzmi sayəsində 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alındı. A.Abdullayev bildirib ki, Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, xalqımıza qarşı törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.

Tədbirin sonunda 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.