YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənub Qaz Dəhlizi Azərbaycanla Avropa arasında uğurlu əməkdaşlığın bariz nümunəsidir

“Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu bir daha vurğulanmışdır. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün yüksək əhəmiyyətini vurğulayan və bu amilin hər ötən gün daha da artırdığını vurğulayan dövlətimizin başçısının çıxışı enerji təhlükəsizliyinin milli təhlükəsizlik məsələsi olduğunu bir daha sübut etdi. Ölkəmizin bu sahədə etibarlı və inanılan strateji tərəfdaş olduğunu diqqətə çatdıraraq, yaxın tarixlərdə imzalanan və uğurla icra olunan sənədlərə diqqət yönəltdi”.

Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə əsasən Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə müvafiq Anlaşma Memorandumu imzalanıb. Təbii qaz ixracını nəzərdə tutan məlum memorandumun uğurla və məqsədyönlü şəkildə icra edilməsinin nəticəsidir ki, ixracın həcmi 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Cari ildə isə ixracın həcminin daha da artaraq 24,5 milyard kubmetr olması gözlənilir: “Ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində enerji sahəsində Avropa ilə əlaqələrini daha da irəliyə apara bilib. Söğzsüz ki, bu nəticələr və əldə olunan razılaşmalar ölkəmizin inkişafına və gəlirlərinin artmasına səbəb olmaqla yanaşı, dövlətimizin qüdrətindən və siyasi iradəsindən xəbər verir. Avropa ilə imzalanan rəsmi sənədlər, həmçinin dövlətimizə olan inamdan və etibardan qaynaqlanır”.

Azərbaycan əldə olunan müsbət nəticələrlə kifayətlənməyərək daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başlayıb. Çünki enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir. Dövlət başçısı İlham Əliyev çıxışı zamanı bu xoş xəbərin də anonsunu vermiş oldu. Belə ki, bu məqsədlə yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması olduqca əhəmiyyətlidir və bu istiqamətdə də nəzərdə tutulan işlər uğurla həyata keçirilir. Avropa ilə uğurlu əməkdaşlığın bariz və faktiki nümunəsi kimi Cənub Qaz Dəhlizi layihəsinin icrasını göstərmək olar. Bu gün sözügedən layihənin genişləndirilməsi də gələcək perspektivdə reallaşdırılması nəzərdə tutulan işlərdəndir: “Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılmasının planlaşdırılması isə perspektivdə görüləcək işlərdəndir və bunun üçün ölkəmizin resursları mövcuddur. Xüsusilə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində, ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasının keçirilməsi yeni sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və şaxələndirilməsinə hədəflənib. Azərbaycan enerji sahəsi ilə yanaşı, yaşıl enerji ilə bağlı müvafiq saziş imzalayıb. Çünki günümüzdə dünyanın diqqətində olan və hər ötən gün əhəmiyyəti daha da yüksələn, qlobal hədəflərdən biri kimi bərpaolunan enerji imkanlarının səmərəliliyinin artırılmasına yönələn qarşılıqlı əlaqə yaradılmalıdır”.

Rayon təşkilatının sözlərinə görə Azərbaycan bütün təhlükəli vəziyyətlərdə dünya dövlətlərinə və xalqlarına yardım əlini uzadıb, hər cür dəstək göstərib. Avropanın enerji sahəsində yaşadığı problemlərin həllində də yaxından və səmərəli iştirak edir. Ölkəmizin bu mühüm təşəbbüslərini Avropa dövlətərinin özləri də təqdir edir və etiraf edir ki, Azərbaycan bu region üçün enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu təşəbbüskarlıq və təşkilatçılıq üçün ölkəmizin kifayət qədər siyasi iradəsi və imkanları var. Avropanın Azərbaycanın təşəbbüslərinə müsbət cavab verməsi də öz növbəsində etimadın və inamın göstəricisidir. Azərbaycan bu inamı öz əməli fəaliyyəti ilə qazanıb. Çünki Azərbaycan xarici siyasi və iqtisadi əlaqələrində hər zaman səmimi və qətiyyətli olub. Əldə olunan razılaşmalara və imzalanan sənədlərə sadiq qalaraq onun icra edilməsi istiqamətində əzmlə və səylə çalışıb. Bu əzmkarlığın nəticəsi bu gün göz önündədir.