YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Resurslar da var, siyasi iradə də...

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Macarıstan-Azərbaycan münasibətlərindən danışmazdan öncə Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında dediklərinə diqqət ayırmaq istəyirəm:

“Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə həmsərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”.

Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir. Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.

Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır.

Cənab Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatda dediyi kimi, bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.

Enerji resurslarından danışarkən yaşıl enerji potensialını da unutmaq olmaz. Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.

Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr var. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb.

Cari ilin 30 yanvar tarixində Budapeştdə imzalanmış Azərbaycan-Macarıstan sənədlərinə nəzər yetirdikdə proqnoz vermək olur ki, Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətt üzrə inkiçaf edəcək.