YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Eko-fəalların aksiyası təbii sərvətlərimizin talanmasına narazılığın ifadəsidir

“Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıq. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu. Təəssüflə qeyd edirik ki, iki ildən artıq dövrdə Azərbaycan bu sənəddən irəli gələn bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirsə də Ermənistan bu öhdəliklərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətləri, təxribatları, törətdiyi ekoloji terror ilə diqqətdədir. Ölkəmiz bölgədə dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini təklif edib. İki ildən artıq dövrdə baş verən hadisələrin xronologiyasına diqqət yetirsək görünən budur ki, Ermənistan bu prinsipləri dəstəkləsə də   müqavilənin imzalanması prosesinin uzanmasına səy göstərir. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində də bu məqamı xüsusi qeyd etdi ki, 2022-ci ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Belə  bir  əminlik də ifadə olundu ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili bu mühüm məqama xüsusi diqqət çəkib ki, mənfur düşmən 30 il işğal altında saxladığı torpaqlarımızın ekologiyasına ciddi zərər vurub, beynəlxalq ekoloji cinayət törətmişdi: “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda 26 gündür davam edən dinc etiraz aksiyası da bu kimi məqamlara aydınlıq gətirir. Belə ki, bu aksiya Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir. Aksiyaya dəstək qoşulanların sayının  günbəgün artmasında öz aydın ifadəsini tapır.  Məlum olduğu kimi, bu ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə vurulan ziyanla bağlı potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib. Bu addım Azərbaycan xalqının kəskin etirazına səbəb olub.”

Əliabbas Salahzadə onu da bildirib ki, Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur: “Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Erməni cinayətləri beynəlxalq səviyyədə də etiraf edilir. Belə ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bugünümüzün əsas çağırışı bu sənədlərin kağız üzərində qalması deyil, onların icrası istiqamətində real addımların atılmasıdır. Onu da qeyd edək ki, ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertlər dəvət ediləcək.”

Millət vəkili qeyd edib ki, Ermənistan sözügedən aksiya başlandığı gündən yenə də əsassız bəyanatları ilə beynəlxalq rəyi çaşdırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır: “Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında  iddia edilir ki, guya Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri pozaraq, Laçın yolunu bağlayıb. Ermənistan hökumətinin  Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi bu kimi əsassız şərhlər ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatlar Ermənistanın baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir. Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır.”