YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2022-ci ilin diplomatik mənzərəsi, yaxud əsas rəqibimiz zamandır! – TƏHLİL / VİDEO

Artıq yola saldığımız 2022-ci il həm regional, həm də beynəlxalq müstəvidə mühüm hadisə və proseslərlə yadda qaldı. Ötən il Azərbaycan üçün uğurlu olmaqla yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılması ilə də xarakterikdir. Çünki həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər - siyasi, iqtisadi, diplomatik addımlar əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin daimi prosesə çevrilməsinə xidmət etdi və mühüm nəticələr verdi.

Bütün müstəvilərdə olduğu kimi, diplomatik cəbhədə də mühüm uğurlara imza atdıq.

Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri inkişaf etdi, ənənəvi tərəfdaşlarla əlaqələri, beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ən əsası, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik.

İl ərzində keçirilən üçtərəfli görüşlərdə Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi sayəsində konkret irəliləyişlərə nail olundu. Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi.

Asiyadan Avropaya doğru geniş bir coğrafiyada bir çox dövlətlərin maraqlarına cavab verən Zəngəzur dəhlizinin reallaşdırılması məsələsində də rəsmi Bakı bütün diplomatik və siyasi təzyiqlərə rəğmən, öz prinsipial mövqeyindən bir addım da geri çəkilmədi.

Azərbaycanın beynəlxalq miqyasda qazandığı nailiyyətlər, Prezident İlham Əliyevin xarici səfərləri, səfərlər zamanı imzalanan mühüm sənədlər, səsləndirilən bəyanatlar 2022-ci ildə əldə olunan diplomatik nailiyyətlər sırasında yer alır. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində aktiv fəaliyyət ölkəmizin təkcə regionda deyil, eləcə də bütün dünyada mövqeyini daha da möhkəmləndirdi, Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu bir daha ortaya qoydu.

Aİ üzvü olmayan Azərbaycanın Prezidentinin Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına qatılması, Ərəb Dövlətləri Liqasının sammitində isə Fəxri qonaq statusunda iştirakı isə ölkəmizin həm Avropa, həm də Afrika və Asiya qitələrində regional və qlobal məsələlərin həllində oynadığı rola verilən yüksək qiymətin bariz təzahürü idi.

Qarşıda - yenicə qədəm qoyduğumuz 2023-ci ildə isə məqsədimiz aydın, məramımız bəlli, hədəflərimiz isə daha böyükdür.

Ümummilli Liderimizin ideyaları əsasında müstəqillik, tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyən, Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələr fəth edən Azərbaycanı “Heydər Əliyev İli”ndə yeni nailiyyətlər və diplomatik qələbələr gözləyir.

Dövlət başçısının qeyd etdiyi kimi, bizim əsas rəqibimiz zamandır!

DİGƏR Xəbərlər Arxiv