YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənimiz dünya azərbaycanlılarının güvən yeridir

Təvəkkül Əliyev

YAP Şuşa rayon Təşkilatının sədri

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.” Bəli, Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi bu gün artıq Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş müstəqil,suverən dövlətdir.
Artıq iki ildir ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində Həmrəylik Gününü  tamamilə fərqli hisslərlə qeyd edirik. Dünyanın müxtəlif ölkələrində yaşamasına baxmayaraq  ümummilli qayələrimizin gerçəkləşməsi naminə cənab İlham Əliyev ətrafında sıx birləşmiş azərbaycanlılar da  tarixi Zəfərimizin əsas iştirakçılarından birinə çevrildilər. Müharibə dövründə doğma Vətəndən kənarda yaşayan  soydaşlarımız haqq işimiz naminə qüvvələrini birləşdirərək yaşadıqları ölkələrin dövlət orqanlarına və ictimaiyyətinə Vətən müharibəsi barədə doğru-düzgün məlumatlar çatdıraraq, lazım gəldikdə kütləvi tədbirlər keçirərək öz dəstəklərini göstərdilər.44 Günlük Vətən müharibəsi xalqımızın Həmrəyliyinin möhkəm təməllər üzərində qurulduğunu bir daha bütün dünyaya sübut etdi.

Son 19 ildə heyrətamiz inkişaf yolu keçərək Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının güvən yeridir. Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir. Əldə etdiyimiz bu uğurların əsasında isə  Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın iradəsi, həmrəyliyi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır.