YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi Azərbaycan-Tarixi diyarımız

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

XX əsrin əvvələrində olduğu kimi 1980-ci illərin sonlarında da Ermənistanın təcavüzkar siyasətinə məruz qalan azərbaycanlılar öz doğma dədə-baba torpaqlarından zaman-zaman deportasiya olunmuşdur. Xüsusi ilə Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilər vandalizm aktı törədərək, öz çirkin əməllərini həyata keçirmişdir. XX əsrin əvvələrində Zəngəzur mahalında 115 müsəlman kəndinin tamamilə məhv edilməsi erməni mənfurluğuna bariz nümunədir. Bununla yanaşı 1905-1907-ci illərdə törədilən qırğınlar, 1918-ci ilin mart soyqırımları, 1948-1953-cü illərdə və 1988-ci ildən etibarən həmvətənlərimizin öz doğma yurdundan zorla qovulması ermənilərin məkirli planlarını reallaşdırması məqsədilə apardıqları etnik təmizləmə siyasətini sübut edən faktlardır. Təbii ki, 1918-ci ilin 29 may tarixində İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi, 1920-ci ildə isə Zəngəzurun itirilməsi böyük səhv idi. Bu gün zamanın çətin sınaqlarından çıxan Azərbaycan tarixində ən güclü dövrü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandanın peşəkar rəhbərliyi ilə aparılan düzgün siyasət nəticəsində Azərbaycan Ermənistan üzərində tarixi Qələbə qazanaraq, ədaləti və ərazi bütövlüyünü bərpa etmiş, eyni zamanda mənfur təcavüzkarlardan soyqırımlara məruz qalmış həmvətənlərimizin qisası alınmışdır.

Faktlara uyğun olaraq qeyd edilməlidir ki, 1918–1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi 1831–1931” kitabında təsdiq edərək yazır: “1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur”. Bir sözlə həqiqəti vurğulamaq lazımdır ki, indiki Ermənistan doğma Azərbaycan torpaqlarında yaranmışdır.

Cari ilin 3 avqust tarixində “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” (QAİ) ilə əvəz edilməsi məhz onu göstərir ki, icmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüş çərçivəsində möhtərəm Prezidentin səsləndirdiyi fikirlər tarixi və qürurverici anlar idi. Həqiqətən də  həmvətənlərimizin önəmli arzularından biri olan həmin fikirlər möhtəşəmdir:- Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Bəli, Qərbi azərbaycanlılar tam əmindir ki, gün gələcək onlar Qarabağa qayıdan vətəndaşlarımız kimi Böyük Qayıdışın sevincini yaşayacaq, öz yurduna geri qayıdacaqdır. Ona görə ki, bizim müdrik Prezidentimiz və xalqımızın maraqları naminə hesablanmış güclü siyasətimiz vardır. Fəxr edirik ki, biz qalib və mübariz xalqın qalib nümayəndəsiyik.