YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür. Digər işğal altında olan bölgələrimiz kimi Kəlbəcər rayonunun işğaldan azad olunacağı günü də Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Nəhayət, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.

Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də  Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi. Ermənilər hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Təəssüf doğuracaq hal budur ki, dünya ictimaiyyəti bu kimi erməni həqiqətlərini, həmçinin Qarabağ və Şərqi Zəngəzurda erməni vəhşiliyini görüb bilsə də, əksər hallarda susur, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, dövlətlər isə işğalçıya havadarlıq etməkdən belə əl çəkmirdi. Bu siyasət bu gün də davam edir. Ancaq buna baxmayaraq 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin başlanğıcına çevrildi.

Vaxt keçdikcə işğalın və müharibənin izləri bu torpaqlardan silinəcək. Lakin Azərbaycan xalqı tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Artıq müharibədən cəmi iki il keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq. Çünki xalqımız Ümummilli Lider yolunu gedən bir Liderə sahibdir.

DİGƏR Xəbərlər Arxiv