YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən Kəlbəcər 15 noyabr 2020-ci il tarixində boşaldılmalı idi. Lakin ermənilər vaxt məhdudiyyətini önə çəkərək Azərbaycandan əlavə 10 gün vaxt istədi. Ölkəmiz yenə də humanizm siyasətini nümayiş etdirərək vaxtı 10 gün uzatdı. Beləliklə, noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Son iki ilin qürurverici hadisələrindən biri budur ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik. 30 illik dövrün torpaq həsrətinə son qoyulması, hazırda bütün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizi sevindirir. Azərbaycan bu torpaqlarda bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Bu mühüm məqam bir daha təsdiqləyir ki, arxada qalan illərdə yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, onların bərpası ilə bağlı da işlərə hazırlıq görülüb, iqtisadi və maliyyə imkanlarımız artırılıb. Bu fikir də hər zaman böyük qürur hissi ilə qeyd edilir ki, Azərbaycan dünya hərb tarixində ilklərə imza ataraq müharibədən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə başlayıb.

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər rayonuna dəfələrlə reallaşdırdığı səfərlərin hər biri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir. Bu ilin iyun ayının 26-da Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə  tanış oldu. Dövlətimizin başçısına Kəlbəcər şəhərinin Baş planı təqdim edildi. Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoydu, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında oldu. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilmişdi. Həmçinin cənab İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoydu. Təkcə bir səfər çərçivəsində atılan addımlar nəinki Kəlbəcər rayonunda, ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aydın təsəvvürünü yaradır.

Bir mühüm məqamı da xüsusi qeyd edək ki, hər bir bölgəmiz özünəməxsus imkanlara malikdir. Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Relyefi dağlıq olan rayon ərazisi faydalı qazıntılarla zəngindir. Burada qızıl, civə, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı və digər yataqlar var. Rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafını şərtləndirir. Kəlbəcər rayonu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Bir sözlə, Kəlbəcər gələcəkdə ölkəmizin turizm inkanlarının artmasına böyük töhfələr vermək potensialına malikdir.

DİGƏR Xəbərlər Arxiv