YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir

2015-ci ilin 1 aprel tarixinə respublika üzrə əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onlardan yaşa görə əmək pensiyası alanların sayı     783 381 nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 60,6 faiz, əlilliyə görə əmək pensiyası alanların sayı 367 489 nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 28,5 faiz, ailə başçısını itirməyə görə əmək pensiyası alanların sayı isə 141 170 nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 10,9 faiz təşkil edir.

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, ölkəmizdə müasir sığorta-pensiya sisteminin fəaliyyəti dövründə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Nəticədə 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, 2015-ci ilin 1 aprel tarixinə 174,4 manat olub.

Hazırda yaşa görə əmək pensiyasının  orta aylıq məbləği 193,9 manat, əlilliyə görə əmək pensiyasının  orta aylıq məbləği 149,6 manat, ailə başçısını itirməyə  görə əmək pensiyasının  orta aylıq məbləği isə 131,2 manat təşkil edir.

2015-ci ilin 1 aprel tarixinə əmək pensiyası alanların tərkibində qadınların sayı 771 730 nəfər, kişilərin sayı 520 310 nəfərdən ibarətdir. Həmçinin əmək pensiyası alanların tərkibində işləyənlərin sayı 2015-ci ilin 1 aprel tarixinə 134 354 nəfərdir.

Əmək pensiyası-“Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü vardır-yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.