YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regional əməkdaşlığa töhfələr verir

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Azərbaycan hər zaman qonşu dövlətlərlə münasibətlərin genişləndirilməsində maraqlı olub. Prezident İlham Əliyev dünya ölkələri, o cümlədən qonşu dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi üçün daim lazımi addımlar atır. Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirib, bir çox dünya dövlətləri ilə dostluq, qardaşlıq münasibətləri qurub, regional və dünya miqyasında milli maraqlarını effektiv şəkildə təmin edib.

24 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatla çıxış ediblər. Ölkə prezidenti İlham Əliyev 24 oktyabr tarixli Gürcüstan səfərini Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni stimul verəcəyini, bu münasibətlərin çox dərin ənənələr üzərində qurulduğunu bildirmiş, əsrlər boyu xalqlarımızın dostluq, qardaşlıq, mehriban qonşuluq şəratində yaşadıqlarını qeyd edib.

Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimizin demək olar ki, müttəfiqlik səviyyəsinə qalxdığını, bir çox sahələr üzrə fəal əməkdaşlıq edildiyini, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda ölkələrimizin bir-birini dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev bir çox önəmli layihələrin təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi.

Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısı və Azərbaycanın etibarlı tərəfdaşıdır. Azərbaycanla Gürcüstan arasında hər zaman ticarət əlaqələri olub. Son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsi günbəgün artmaqdadır. Azərbaycan Gürcüstana 3 milyard sərmayə qoyub. Eyni zamanda, Gürcüstan da Azərbaycanla qarşılıqlı əməkdaşlıq edərək Azərbaycana sərmayə qoyur. Həyata keçirilən belə layihələr dövlətlər arasında əməkdaşlığı daha da gücləndirir.

Səfər çərçivəsində keçirilən görüşlərdə bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində oldu.  Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı ətralı məlumat verdi.  Münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasına böyük ehtiyac olduğunu bildirdi.

Ümumilikdə, Prezident İlham Əliyevin Gürcüstana etdiyi işgüzar səfər, yüksələn xətlə inkişaf edən Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşməsinə müsbət təsir göstərəcək. Azərbaycan-Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi isə hər iki ölkənin uğurlu və sabit inkişafının qarantı olacaq.