YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlər arasındakı səmimi münasibətlər bölgədə sülhün, sabitliyin əsas təminatçısı olacaq

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan Respublikasının müdrik xarici siyasətində istər qonşu, istərsə də digər dövlətlərlə əlaqələrin dostluq və əməkdaşlıq prinsipi əsasında qurulması məsələsi prioritet təşkil edir. Çox yaxın münasibətlərin qurulması bizə qonşu olan, dost və qardaş ölkəyə-Gürcüstana da aiddir. Bildiyimiz kimi Azərbaycan və Gürcüstan arasında tarixən dostluq və mehriban qonşuluq münasibətləri yüksək səviyyədə olmuşdur. Hər iki dost ölkə arasında olan səmimi münasibətlərə nəzər salsaq, ilk öncə qeyd etməliyik ki, strateji tərəfdaşlığın əsasını qoymuş 8 mart 1996-cı il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə”, eyni zamanda 4 mart 2004-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Gürcüstan arasında Birgə Bəyannamə” sıx əlaqələrin gələcək inkişafı üçün mühüm önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla olan strateji əlaqələrimizin, dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verən Liderdir.  Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin oktyabrın 24-də Gürcüstana işgüzar səfər edib. Səfər çərçivəsində Prezident, Partiyamızın Sədri İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb, eyni zamanda “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub. Xüsusi ilə qeyd edilməlidir ki, sərgidə nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu-XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri vardır.

Gürcüstanın Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident ətraflı və məzmunlu çıxışında qeyd etdi ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq.

Xüsusilə qeyd etmək lazımdır ki, bir çox sahələr üzrə Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlıq hər iki ölkəyə böyük uğurlar gətirir. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konstruktiv addımlar atılır. Hər iki dövlət arasındakı səmimi münasibətlər qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaqdır.