YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanla münasibətlərin inkişafı hər zaman diqqət mərkəzindədir

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Dövlətimizin xarici siyasətinin ana xəttində Azərbaycanın dünya dövlətləri içərisində beynəlxalq nüfuzunu daha da möhkəmləndirmək, dünyanın aparıcı dövlətləri və qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək əsas yer tutur.

Qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi istiqamətində ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Cari ilin oktyabrın ayının 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcəkdir.

İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Əlbəttə, hər iki dövlət arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayıb.

Gürcüstana səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatla çıxışında bildirdiyi kimi, "Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır".
Ölkə başçısı qeyd edib ki, "Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac vardır. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.”

Bu gün Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq münasibətləri dinamik inkişaf edir. Azərbaycan şirkətləri qonşu dövlətə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla, həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir.

Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Müzakirələr zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin bir daha bəyan edib ki, “Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etmişik. Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün siyasi iradə nümayiş etdirməlidir.”
Səfər çərçivəsində Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanması haqqında da fikir mübadiləsi aparılmışdır. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqarar olunması istiqamətində önəmli bir platforma ola bilər.

Bu gün Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə də ixrac artırılacaqdır. Bütün bunlar dövlətlərimiz arasında iqtisadi və digər sahələrdə əlaqələrin daha da genişlənməsinə imkan yaradır.

Ölkə başçısının da vurğuladığı kimi, hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəkdir.