YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri 

Daxili siyasətimizin davamı kimi dəyərləndirilən xarici siyasət uğurlarımızın biri-birini əvəzləməsi, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yeni prioritetlər üzrə inkişafı Azərbaycana inamın göstəricisidir. Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı, birləşdirici faktor kimi dəyərləndirilir. Ölkəmiz regional əməkdaşlığa töhfələri ilə diqqətdədir.  30 illik işğal dövründə bu fikir xüsusi qeyd edilirdi ki, Qarabağ münaqişəsi regionun inkişafına böyük maneədir.

Artıq Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan Ermənistanla münasibətlərində yeni səhifə açmaq, bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün 5 prinsipi özündə əks etdirən sülh müqaviləsinin imzalanasını təklif etdi. Cənab İlham Əliyev Gürcüstana işgüzar səfərində də bu məsələyə xüsusi diqqət yönəltdi və mətbuata bəyanatı əsasında Ermənistana mesajlarını çatdırdı. Bölgədə gedən proseslərin, təhlükəsizliklə bağlı məsələlərin müzakirə mərkəzində olduğunu bildirən dövlət başçısı İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı Gürcüstanın Baş nazirini məlumatlandırdı. Bir daha vurğulandı ki, Qarabağ münaqişəsi başa çatdıqdan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması vaxtı gəlib çatıb. Bizim niyyətimiz bundan ibarətdir: “Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.”

Tarixi Zəfərimizin reallıqları yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar açır ki, bu da öz növbəsində regionda sülhün və təhlükəsizliyin yaradılmasını bir tələbə çevirir. Azərbaycan bu əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Ermənistan qısa müddətdə sülh müqaviləsini imzalamaqla özünün də bu əməkdaşlıqda iştirakı əsasında iqtisadi vəziyyətini yaxşılaşdırmağa nail ola bilər.

Artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Ölkəmizin iqtisadi imkanlarının daha da artması üçün yollar açılır. Bugünümüzün əsas müzakirə məsələsi olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması da yeni reallıqlara əsaslanır. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında işğaldan azad edilmiş ərazilərimizin malik olduqları elektrik enerjisi ehtiyatlarından da bəhs etdi.  O da vurğulandı ki, Azərbaycanla Gürcüstan arasında elektrik enerjisi sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur. Bu əlaqələrin qurulması öz növbəsində bölgənin iqtisadi imkanlarına öz müsbət təsirini göstərəcək.

Göründüyü kimi, zaman dəyişir, qarşıya yeni hədəflər qoyulur. Qarşılıqlı səfərlər ölkələrin bu hədəflərə yüksək səviyyədə nail olmaq üçün hansı imkanlara malik olduqlarına işıq salır. Gürcüstan səfəri zamanı bu mühüm məqam da xüsusi qeyd olundu ki, xalqlarımızın, liderlərin dostluğu, birgə fəaliyyət qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləməyə böyük stimul verir. Cənab İlham Əliyev mətbuata bəyanatında Gürcüstanla ikitərəfli gündəliyimizə diqqəti yənəldərək vurğuladı ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir: “Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq.”

Qısa təhlil əsasında bu reallığı inamla qeyd edə bilərik ki, Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər. Bu gün əlaqələrimiz müttəfiqlik səviyyəsindədir.