YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Gürcüstanın regional əməkdaşlığa töhfələri davamlıdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafı xüsusi vurgulanır. Dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar, tərəfdaşlar qazanmasında stimulverici amildir. Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycan qonşu dövlətlərlə əlaqələrin inkişafında maraqlıdır və bunu atdığı addımları ilə təsdiqləyir.

Dövlət başçısı İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri bu kimi məqamlara bir daha aydınlıq gətirdi. Bir daha vurğulandı ki, bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub.

Azərbaycan və Gürcüstanın regional əməkdaşlığa töhfələri davamlıdır. Nəzərə alsaq ki, enerji amili dövlətlərarası münasibətlərdə əsas faktorlardan biridir, bu halda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyləri nəticəsində reallığa çevrilən enerji, eyni zamanda, nəqliyyat layihələrinin region, o cümlədən dünya üçün əhəmiyyəti özünü aydın şəkildə büruzə verəcək. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi- Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı daim vurğulayır ki, Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur.

Azərbaycan-Gürcüstan qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iki dost ölkənin birgə iştirak etdiyi və reallığa çevrildiyi infrastruktur layihələri dünyanın enerji xəritəsini dəyişdi. İllər keçdikcə bu layihələrin coğrafiyası daha da genişləndi. Artıq bu gün dünya çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin perspektivlərindən geniş bəhs edir.

Ökəmizin xarici siyasət uğurlarında iqtisadi müstəqilliyi əhəmiyyətli rol oynayır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni layihələrə yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında dostluq, qardaşlıq körpüsünü daha da möhkəmləndirir, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.

Gürcüstan səfəri zamanı mətbuata bəyanatında diqqəti bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memoranduma yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, sənəddə növbəti 5 ildə Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artıracağı əksini tapıb. Niyyətimiz bundan ibarətdir və imkanlarımız bu addıma əsas verir: “Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik.”

Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə, eyni zamanda, əlaqələrin inkişafında yeni prioritetlərin müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərir.  Bu baxımdan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması günümüzün əsas çağırışları sırasındandır. Bu mühüm məqamı da yada salmaq istərdik ki, Azərbaycan bu ilin iyun ayında Enerji Həftəsi çərçivəsində tərəfdaşlarını Qarabağın tacı Şuşada bir araya gətirərkən müzakirə olunan əsas məsələ məhz bərpa olunan enerji mənbələri oldu. Bu istiqamətdə əməkdaşlığın inkişafı ilə bağlı Memorandum imzalanmışdır. Dövlət başçısı İlham Əliyev Gürcüstan səfəri zamanı da bu məsələyə diqqəti yöəldərək bildirdi ki, həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin: “Əlbəttə, təbii ki, bizim ixrac istiqamətimiz Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Yəni, bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir və bu, çox böyük rəqəmdir. Əlbəttə ki, bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir.”

Göründüyü kimi, iki dost ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranır. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, ekektik enerjisi sahəsində də fəal əməkdaşlıq edəcək. Bu isə öz növbəsində bölgənin iqtisadi potensialını artıracaq.  Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, təməl üzərində formalaşan Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurla inkişaf edir.