YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıqda maraqlı olan ölkədir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu xarici siyasət ölkəmizin beynəlxalq əlaqələrinin davamlı inkişafını birmənalı olaraq təmin edir. Bu gün Azərbaycan güclü dövlətdir və beynəlxalq aləmdə yüksək nüfuz sahibidir. Məhz bu baxımdan istər region ölkələri, istərsə də dünyanın digər ölkələri Azərbaycanla əlaqələrin qurulmasında, həmçinin mövcud əlaqələrin yüksək səviyyəyə çatdırılmasında maraqlıdırlar. Qonşu ölkə olan Gürcüstanla da yüksək səviyyədə olan əlaqələrimiz bunun bariz nümunəsidir. Azərbaycan-Gürcüstan əlaqələri hər zaman müsbət dinamika ilə inkişaf edir. Ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyevin oktyabr 24-də Gürcüstana işgüzar səfəri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Səfər proqramını izləyərkən aydın oldu ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər ölkələrimiz arasındakı müzakirələrin əsasını təşkil edir. Azərbaycan və Gürcüstan münasibətləri çox dərin ənənələr üzərində qurulub. Tarixə nəzər yetirdikdə də görürük ki, xalqlarımız əsrlər boyu dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Əminliklə demək mümkündür ki, iki ölkə arasındakı əməkdaşlıq tarixi ənənələrə söykənir və dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub.

Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən bəhs edərkən bildirdi ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimizin bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, ölkələrimiz həm  ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim bir bir-birini dəstəkləyir. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bir sözlə desək, ölkələrimizin əməkdaşlığı regional əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatında Azərbaycan həqqiqətlərinə diqqət çəkərək bildirdi ki, Azərbaycanın niyyəti Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bir halda ki, Qarabağ münaqişəsi başa çatıb və ölkəmiz beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Ölkə başçısı qeyd etdi ki, əgər prinsiplər həyata keçirilsə, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Prezident İlham Əliyev onu da bəyan etdi ki, əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, Azərbaycan buna hazırdır.

Ümumiyyətlə, Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıqda maraqlı olan ölkədir. Bunu Gürcüstanla olan münasibətlər də təsdiq edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam edir. Belə ki, cari  ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard ABŞ dollarına yaxınlaşıb. Ölkəmizin sərmayəsi ilə həyata keçirilən layihələr Azərbaycan-Gürcüstan əməkdaşlığını daha da gücləndirir. Ölkəmiz Gürcüstana 3 milyard dollardan çox sərmayə yatırıb. Təbii ki, bu sərmayə qarşılıqlı faydalı sərmayədir və  hər iki ölkənin maraqlarına cavab verir.

Bəyanatında ölkə başçısı Azərbaycanın dünya bazarlarına qaz ixracatını artırmaq niyyətində olduğunu bildirdi. Bu il Azərbaycanın ixracı 22 milyard kubmetr olacaq, gələn il isə daha da artacaq. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda da göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Beləliklə, 2027-ci ildə Azərbaycan təkcə Avropaya qaz ixracatını 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Həmçinin gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə də ixrac artırılacaq. Bütün bunlardan əlavə olaraq, həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlı olacaq. Ölkəmiz çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Bu mövzuda danışarkən Prezident cənab İlham Əliyev ölkəmizin yüksək bərpaolunan enerji potensialına malik olduğunu vurğulayaraq qeyd etdi ki, təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal və ixrac etmək Azərbaycanın  növbəti illərdəki hədəflərindəndir. Ölkəmiz Gürcüstanla digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəkdir.

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı ölkələrimiz arasındakı nəqliyyat və yükdaşımaların mövcud imkanlarından bəhs etdi. Bu sahədə də inkişaf dinamikası qeydə alınmaqdadır. Belə ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması əsas planlardandır. Bunun üçün həm cari ildə, həm də gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Ümumiyyətlə, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Ölkə başçısı yeni nəqliyyat yollarını zəruri edən səbəblərin həm geosiyasi vəziyyətlə bağlı olduğunu, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verdiyini bildirdi. Ona görə də Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Ölkəmiz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Bunun üçün Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiyanın aparılmasının vacibliyini vurğulayan Prezident cənab İlham Əliyev birgə layihələrin eyni vaxtda tamamlanmalı olduğunu da qeyd etdi. Ümumiyyətlə, tranzit ölkə olmaq üçün qonşularla yaxşı münasibətlərin olması mütləqdir. Gürcüstanla Azərbaycan  arasında isə bu mövzuda heç bir fikir ayrılığı yoxdur. Bir halda ki, hazırda Avropada və dünyada enerji resurslarına bütövlükdə böyük tələbat vardır, məhz ölkələrimiz də bu kimi məsələlərdə bir mövqedən çıxış  edərək öz milli maraqlarını təmin edəcəklər.