YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz birliyimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq ənənələri dərin tarixi köklərə dayanan sıx bağlardan ibarətdir. Hər iki qardaş ölkənin milli–mənəvi dəyərləri, dili, humanist siyasəti demək olar ki, eynidir. Bu isə təbii ki, qardaşlığın bariz nümunəsidir. Təsadüfi deyil ki, bu qardaşlıq və dostluq münasibətlərinin daha da güclənərək, sıx tellərlə bağlanması müasir Azərbaycanın və Partiyamızın qurucusu Ulu öndər Heydər Əliyevin sayəsində baş tutmuşdur. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu müdrik və dinamik şəkildə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətlərin daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb. Dövlətlərimizin maraqları naminə atılan ən mühüm addımlardan biri məhz 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasiminin keçirilməsidir. Bu hadisə dahi Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzilərinin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşüb. Daha sonra regionda əməkdaşlığın genişlənməsi istiqamətində növbəti addım Bakı-Tbilisi-Qars layihəsinin 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən imzalanması olub. Azərbaycan və Türkiyə liderləri bugün dünyada rəğbətlə qarşılanan saysız-hesabsız nailiyyətlərə imza atır.

44 günlük Vətən müharibəsində də qardaş Türkiyə bizə olan siyasi-mənəvi dəstəyini bütün dünyanın gözü qarşısında cəsarətlə nümayiş etdirdi. Prezidenti İlham Əliyev və qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlığın nümunəsini ölkəmizin marqları naminə həyata keçirdikləri alternativsiz siyasət və sarsılmaz birlik ilə göstərmiş oldular.

Bildiyimiz kimi Türkiyə Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan indiyədək dəfələrlə Azərbaycanda səfərdə olub. Xüsusilə də bir neçə dəfə işğaldan azad olunan doğma ərazilərimizdə təməlqoyma və ya açılış mərasimlərində iştirak etmişdir. 1 il öncə hər iki qardaş ölkənin prezidentləri Füzulidə beynəlxalq hava limanının açılış mərasimində və cari ilin oktyabrında isə Zəngilan beynəlxalq hava limanının açılış mərasimində iştirak ediblər. Cənab Prezidentin qeyd etdiyi kimi, həqiqətən də qardaş ölkənin qardaş rəhbərləri daima bir yerdədir. Cari ilin oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. Dövlət baçıları öz çıxışlarında iki ölkənin demək olar ki, bütün məsələlərdə birlik nümayiş etdirdiyini, müttəfiq və qardaş ölkə olduğunu, həmçinin indiyədək olduğu kimi bundan sonra da bütün sferalarda həmrəylik göstəriləcəyini ictimaiyyətin diqqətinə çatdırdı. Bu gün Türkiyə dövlətinin şirkətləri işğaldan azad olunan ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edir. Bu da onu göstərir ki, yaxın gələcəkdə yerli sakinlərimiz doğma yurdlarına geri dönəcək və əbədi olaraq xalqımız sülh və harmoniya şəraitində yaşayacaqdır. Beynəlxalq platformalarda da həmçinin hər iki ölkə bir-birinə siyasi və mənəvi dəstək göstərir.