YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-iqtidar birliyinin növbəti təzahürü

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Fransa ənənəvi olaraq Ermənistanı dəstəkələyən ölkələr arasında hər zaman adı birinci çəkilənlərdən olub. Əlbəttə ki, bunu şərtləndirən əsas amillərdən biri erməni diasporu təşkilatlarının Fransada daha mütəşəkkil olmasıdırsa, digər bir amil də Ermənistan hökumətinin hər zaman bu və ya digər xarici qüvvələrin himayəsini axtarması və bu himayənin müqabilində istənilən əvəzi verməyə daim hazır olmasıdır. Bununla belə, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra verilən bəyanat artıq Fransanın da obyektiv mövqelərdən çıxış etməyə və ədalətli qərarlar verməyə hazır olduğuna dair bir əminlik yaratmışdı. Fransa Prezidentinin saytının yaydığı bu bəyanatda vurğulanmışdı ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər. Həmçinin Fransa Prezidentinin Azərbaycanın maraqlarını təmin edən sülh sazişi layihəsini dəstəkləməsi də bu ölkənin Cənubi Qafqazda gedən proseslərə indiyədək sərgilədiyi qərəzli baxış bucağını nəhayət dəyişmək əzmində olduğu təəssüratı yaratmışdı. Lakin Fransanın bu səmimiyyəti cəmi bir həftə davam etdi. Praqa görüşündən bir həftə sonra isə Makron sanki unutmaq və hətta unutdurmaq üzrə olduğu bir faktı, Minsk Qrupunun həmsədri olmasına rəğmən Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi barədə indiyədək bir kəlmə də olsun söz deməyən bir ölkənin prezidenti olduğunu yenidən xatırladı. Bəlkə də bunu ona seçki kampaniyalarını maliyyələşdirən erməni lobbisi xatırlatdı. İstənilən halda, Fransa Prezidenti qısa müddət ərzində öz yanaşmalarında kəskin mövqe dəyişiklikləri etdi və artıq onun bəyanatlarında yenidən “məzlum” erməni xalqına hücumlar edən “aqressiv” Azərbaycan obrazları yer almağa başladı. Təbii ki, bu yanaşma Azərbaycan-Ermənistan münasibətıərinin nizamlanması prosesində Fransanın artıq bundan sonra iştirakını qeyri-mümkün edir.

Həm də nəzərə almaq lazımdır ki, Makronun təhqiramiz, yalan və təxribat xarakterli bəyanatlarla çıxışı Fransanın ölkəmizə qarşı sərgilədiyi qərəzli münasibətin heç də nə ilk, nə də yeganə təzahürü deyil. Fransanın xarici işlər nazirinin Azərbaycanın əleyhinə verdiyi yalan bəyanatlar, Fransa Senatı və aşağı palatasının hələ İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etməsi, Parisdə Azərbaycan səfirliyinə edilən ardıcıl basqınlar Fransa hökumətinin açıq-aşkar ermənipərəst mövqeyini yetərincə ifşa edir. Bütün bunlar azmış kimi, üstəlik noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə də hazırlanır.

Lakin Azərbaycan bu gün artıq nə hərbi, nə də diplomatik cəbhədə hər hansı bir hücumu cavabsız buraxacaq durumda deyil. Ölkə Prezidenti İlham Əliyevin 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında etdiyi çıxışı bütün bu təxribat xarakterli çıxış və bəyanatlara ən layiqli cavab oldu. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur və ölkəmiz bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmür. Bu bəyanat Azərbaycan xalqının iradəsinin ən yüksək formada ifadəsidir və ölkəmizdə mövcud olan xalq-iqtidar birliyinin növbəti bariz təzahürüdür.